Məhkəmə narkotik satışını təklif edəni xəncərlə öldürən şəxslə bağlı qərar verdi

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeronda xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Zamir Ağaliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Ağaliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: 2022-ci il aprelin 30-u saat 23 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 1963-cü il təvəllüdlü Gülağa Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən qəsəbə sakini, 1993-cü il təvəllüdlü Zamir Ağaliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülağa Əliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Zamir Ağaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

O, məhkəmədə deyib ki, zərərçəkmiş Gülağa Əliyev həm narkotik vasitə istifadəçisi, həm də satıcısı olub. Bildirib ki, hadisədən əvvəl zərərçəkmiş şəxs ona yaxınlaşaraq salamlaşıb və: “Əlimdə nəşə və patı var, sən də “srok” görmüş oğlansan, razılaşaq, verim sənə, sat”, - deyib. Zamir isə həmin vaxt Gülağaya: “Gələrəm, söhbət edərik”, - deyə cavab verib. Dediyinə görə, o, elə həmin vaxt Gülağanı öldürmək fikrinə gəlib. Sonra Zamir onunla görüşüb, söhbət edib və xəncərlə zərərçəkmişin ürək və digər nahiyələrinə ümumilikdə 13 zərbə endirib. Daha sonra polisə gedərək könüllü təslim olub. /pravda.az