Kürdəmir rayonunda 1982-ci il təvəllüdlü Sərxan sevgilisi Nəsibəni öldürməyə cəhd edib, onun nənəsi Səmaya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Sərxan sərxoş vəziyyətdə 5 sentyabr 2022-ci ildə səhər saat 7 radələrində əvvəllər qeyri-rəsmi ər-arvad kimi yaşadığı Nəsibənin müvəqqəti məskunlaşdığı, nənəsi Səmaya məxsus Kürdəmir rayonunun kəndində yerləşən evin həyətinə gəlib.
Nəsibədən onunla birlikdə Bakıya getməyi təklif edib. Qadın imtina etdikdə onu öldürmək qərarına gəlib. Bu məqsədlə üzərində gəzdirdiyi bıçağı çıxararaq Nəsibənin döş qəfəsinin ön və arxa səthindən zərbələr vurmağa başlayıb. Qışqırıq səsinə Səma həyətə düşərək Sərxana mane olmasına baxmayaraq, o, hərəkətlərini davam etdirib. Səmanın gözləri qarşısında Nəsibəyə 9 bıçaq zərbəsi vurub.
Eyni zamanda Səmaya bıçaqla sağ ayağının baldır hissəsinə xəsarət yetirib. Daha sonra Nəsibənin hərəkətsiz qaldığını görüb və onun öldüyünü zənn edərək hadisə yerindən gedib.
Lakin Nəsibə vaxtında xəstəxanaya çatdırılıb və onun həyatı xilas edilib.
İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təsirləndirilən şəxs qismində ifadə verən Sərxan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yaşayır: “2021-ci ilin əvvəllərində “İnstagram” sosial şəbəkəsində Ağsu rayon sakini Nəsibə ilə tanış oldum. Oktyabrdan Nəsibə ilə müxtəlif ünvanlarda mənzil kirayə edərək qeyri-rəsmi qaydada ər-arvad kimi yaşadıq. Onunla aramızda qısqanclıq zəminində mübahisələrimiz olurdu”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin aprelində Nəsibə ayrılaraq Ağsu rayonuna, anasının yanına gedib: “Dəfələrlə onun yanına gedərək barışmağımızı xahiş etsəm də, mənimlə barışmaqdan imtina etdi. Həmin ilin avqustunda Nəsibə Kürdəmir rayonunun kəndində nənəsi ilə yaşamağa getdi. Məndən ayrılsa da, telefonla tez-tez danışırdıq. Kürdəmir rayonunda olduğu müddətdə bir-iki dəfə nənəsindən xəbərsiz Nəsibə ilə görüşdüm. Onun yaşadığı kənddə marketdə işlədiyini gördüm və ondan işdən çıxmasını xahiş etdim. Çünki barışaraq onu Bakı şəhərinə gətirmək fikrim vardı. Qohumlarına Nəsibə ilə barışmaq istədiymi demişdim”.
Təqsirləndirilən şəxs bildirib ki, 2022-ci ilin sentyabrın 8-9-da Ağsu rayonuna Nəsibənin yanına gedəcəyi barədə razılaşıblar: “Sentyabrın 4-də saat 23 radələrində Bakı şəhərində evimin yaxınlığındakı yeməkyaxanaların birində yemək yeydim, araq və pivə içdim. Ağlıma gəldi ki, həmin gün Nəsibəni Bakı şəhərinə gətirim. Bu səbəbdən gecə Kürdəmir rayonuna getmək qərarı aldım.
Hava qaranlıq olduğundan evdən çıxanda istifadə olunmamış mətbəx bıçağı götürüb cibimə qoydum ki, rayonda üzərimə heyvanlar hücum etsə, özümü qoruya bilim”.
Sərxan deyib ki, sentyabrın 5-də, gecə saat 3 radələrində avtovağzaldan tanımadığı taksiylə Kürdəmir rayonuna gəlib: “Yolda yenə pivə və alkoqollu enerji içkiləri içdim. Səhər saat 6 radələrində Kürdəmir rayonunun kəndinə girişdə taksidən düşdüm. Nəsibənin nənəsigilin evinə gəldim və həyətin arxa qapısından içəri daxil oldum. Kimsəni oyatmamaq üçün həyətdə evin pilləkənin altında gözlədim.
Təxminən saat 7 radələrində Nəsibə evdən çıxaraq pilləkənlə həyətə düşdü. Onun qarşısına çıxdım. Məni qəfildən gördüyü üçün qorxaraq qışqırmağa başladı. Qışqırığa nənəsi də həyətə düşdü.
Nəsibəyə mənimlə Bakı şəhərinə getməsini təklif etdim. O isə getməkdən imtina etdi. Bıçağı çıxararaq Nəsibənin bədəninin müxtəlif hissələrinə zərbələr vurdum.
Nəsibənin nənəsi Səma həmin vaxt aramıza girdi və bizi ayırmaq istədi. Bıçaq zərbələrindən biri Səmanın ayağına vurdum.
Nəsibəni bıçaqla vurduğum zaman anlaqsız halda olmuşam, nə etdiyimi bilməmişəm. Nəsibəni bıçaqladıqdan sonra özümə gəldim. Onu qanlı vəziyyətdə yerdə uzanmış və hərəkətsiz gördüm. Nəsibənin öldüyünü zənn edərək özümü də öldürmək qərarına gəldim. Əlimdəki bıçağı sol sinəmə vurdum. Bir müddət sonra hadisə yerinə təcili tibbi yardım gələrək bizi Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirdi”.
İş üzrə zərərçəkmiş Nəsibənin sözlərinə görə, Sərxanla 2021-ci ildə internetdə tanış olub və həmin ilin noyabr ayından qeyri-rəsmi olaraq ər-arvad kimi yaşayıblar: “Aramızda mübahisələr olduğundan Sərxandan ayrıldım və Ağsu rayonuna, anamın yanına getdim. Sərxan dəfələrlə barışmağı təklif etsə də, razılaşmadım. 2022-ci ilin avqust ayının sonlarında Kürdəmir rayonunun kəndində yaşayan nənəm Səmanın evinə gedərək onunla birlikdə yaşamağa başladım. Nənəmlə yaşadığım müddətdə kənddə olan “Arif” marketdə satıcı işlədim. Lakin Sərxan məndən marketdən işdən çıxmağımı tələb etdi”.
Zərərçəkmiş qeyd edib ki, sentyabrın 4-də Sərxan ona vatsapda mobil tətbiqində yazaraq barışmaq istədiyini, əks halda özünü və onu öldürəcəyini deyib:
“Ertəsi gün saat 6 radələrində mən və nənəm yuxudan oyandıq. Həyətə çıxdıqda Sərxan əlində bıçaqla qarşıma çıxdı. Mənə “səni yaşamağa qoymaram” deyərək birlikdə getməyimizi istədi və qolumdan tutaraq dartmağa başladı. Mən də qışqıraraq nənəmi çağırdım.
Qışqıran kimi Sərxan əlindəki bıçaqla sol böyrümə vurdu. Bundan sonra özümü itirdim. Nənəm həyətə çıxaraq bizi ayırmağa, məni evə çıxarmağa çalışdı. Sərxan bıçaqla bədənimin müxtəlif nahiyələrinə zərbələr endirməyə başladı. Pilləkəndə olarkən Sərxan nənəmin ayağını da kəsdi.
Mən yerə yıxıldım, Sərxanın əlindəki bıçaqla özünü də vurduğunu gördüm. Sonra huşumu itirdim. Özümə gələndə xəstəxanada olduğumu bildim”.
Digər zərərçəkmiş Səmanın sözlərinə görə, Kürdəmir rayonunun kəndində tək yaşayıb: “Nəvəm Nəsibə 2021-ci ilin noyabrından Sərxanla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşayıb. Sonra Sərxanın narkotik istifadəçisi olduğunu gördü və 2022-ci ilin aprel ayında ondan ayrıldı. Sərxan barışmağa cəhd göstərsə də, Nəsibə barışmırdı.
2022-ci ilin sentyabr ayının əvvəllərində Nəsibə yaşadığım evə gəldi. Sentyabrın 5-də saat 7 radələrində mən və nəvəm yuxudan oyandıq. Nəvəm evdən həyətə düşən kimi onun qışqırıq səsi gəldi. Səsi eşidən kimi həyətə çıxdım. Sərxanın bıçaqla Nəsibənin bədəninin müxtəlif hissələrinə zərbələr vurduğunu gördüm. Onlara çataraq araya girdim, Sərxanın Nəsibəni bıçaqla vurmasının qarşısını almağa çalışdım. Lakin Sərxan bıçaqla vurmaqda davam etdi. Onun sərxoş olduğunu hiss etdim.
Sərxan Nəsibəni yerə yıxdı. Nəsibənin başı sağ ayağım tərəfə düşdü. Sərxan mənim sağ ayağıma bıçaqla vurdu. Mən qışqıraraq qonşuları çağırmağa başladım. Sonradan həyətə daxil olduqda Sərxanın özünü də bıçaqladığını gördüm”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxan 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Sərxan apellyasiya şikayəti verib. O, şikayətində himayəsində 2 az yaşlı övladının olduğunu, barəsində təyin edilmiş cəzadan narazı olduğunu bildirib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Sərxanın şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Şikayət təmin edilməyib. /Teleqraf.com