“Kriminal romantika” uşaqları cəlb etdiyi üçün narkotikə meyl edirlər - EKSPERT

Qurban Orucov: “Onlar bu mühitdə özlərini daha çox təhlükəsizlikdə hiss edirlər”

“Narkotikin arıqlamaq, kökəlmək ya da əhval-ruhiyyəni yüksəltmək üçün vasitə olması fikri tam yanlışdır, əsla belə deyil”

“Bekarçılıq, avaraçılıq narkomaniyaya meyllənməkdə müəyyən qədər rol oynayır, amma...”

Narkomaniyanın yayılmasının kökündə psixoloji asılılıq durduğunu demək olar ki, bütün ekspertlər, mütəxəssislər qeyd edir. Psixoloji asılılığın isə, əsasən, uşaqlıq travmalarından qaynaqlandığı vurğulanır. Bəs, cəmiyyət olaraq asılılığa gətirən psixoloji travmaları çözmənin öhdəsindən necə gəlməliyik? Mövzunu sosiallaşma və adaptasiya üzrə mütəxəssis Qurban Orucovla müzakirə etdik.

- Azərbaycanda narkomaniyaya qarşı mübarizə günbəgün genişlənir. Demək olar ki, hər gün onlarla narkotacir həbsə atılır. Lakin bu sahədə vəziyyət heç də ürəkaçan deyil, əksinə getdikcə problem daha da dərinləşir. İlk olaraq bunun səbəbləri barədə sizin fikirlərinizi bilmək istərdik.

- Ümumiyyətlə, hesab edirəm ki, dövlət tərəfindən də reabilitasiya sisteminə dəstək olsa, yaxşı olar. Çünki, cəmiyyətin ümumi maddi durumunu nəzərə alsaq, özəl reabilitasiya mərkəzlərində qiymətlər yüksəkdir. Dövlət reabilitasiya mərkəzləri açılsaydı, qiymətlər insanlar üçün daha ucuz və əlçatan olsaydı, bu, dövlət tərəfindən gözəl bir addım olardı.  

- Əksər psixoloqlar belə düşünür ki, narkomaniyanın yayılmasının səbəblərindən biri işsizlik, sosial problemlərin olmasıdır. Bu haqda siz nə düşünürsünüz?

- Bilirsiniz, problem təkcə işsizlik məsələsi deyil. Problemin kökü asılılıqdır. Məsələn, mənim əmim oğlu da, qardaşım da işsiz olub. Nəyə görə əmim oğlu istifadəçidir, qardaşım isə yox. Yəni narkomaniyanı təkcə işsizliklə əlaqələndirmək olmaz. Doğrudur, bekarçılıq, avaraçılıq narkomaniyaya meyllənməkdə müəyyən qədər rol oynayır. Mən özüm də istifadəçi olmuşam, amma narkotik istifadə edə-edə işləmişəm. Hər zaman da işləmişəm, işsiz vaxtım çox az olub. Amma istifadə də etmişəm. Narkotiki də həyatımın hər sferasına qata bilmişəm. Ailə sferama, iş sferama, harada olmuşamsa istifadəni davam etdirmişəm.

- O zaman səbəblər fərqlidir.

- Təbii ki, fərqlidir. Yenə deyirəm, işsizlik də səbəblərdən biri sayıla bilər, amma narkomaniyanı təkcə bu səbəbə bağlamaq düzgün deyil.

- Sizcə, narkomaniyanın başlıca səbəblərindən biri asılılıqdır?

- Bəli, asılılıqdır, məktəblərdə, lap bağçalarda olsun, maarifləndirici təlimlərin keçirilməməsidir. Doğrudur, bağçalarda gedib kimisə maarifləndirəsi deyilsən. Amma ən azından məktəblərdə və bağçalarda uşaqlar psixoloji yardım almalıdırlar. Hər ailənin 3-5 aydan bir normal psixoloq seansını keçmək üçün maddi imkanı olmur. Psixoloq seansı elə də ucuz deyil. Psixoloq qəbuluna sərf ediləcək məbləğ orta statistik Azərbaycan ailəsinin qarşılaya biləcəyi məsrəf deyil. Yaxşı olardı ki, bu səbəbdən bağça və məktəblərdəki uşaqlar dövlət dəstəyi ilə psixoloji yardım alsınlar. Məktəblərin özləri uşaqları maarifləndirmək üçün psixoloqlar dəvət etməlidirlər.

Biz özümüz bu gün bir tədbirdə olduq. Tədbir məktəb şagirdlərini maarifləndirmək üçün keçirilirdi...

- Bu tədbirdə hansı məktəblər iştirak edirdi?

- Tədbirdə üç məktəb iştirak edirdi – 189, 190 nömrəli məktəblər və daha bir məktəb Mstislav Ratropoviçin ev muzeyində tədbirdə iştirak edirdilər.

- Burda psixoloqlar da vardı?

- Bəli, psixoloqlar və “Cüdo Federasiyası”ndan da iştirakçılar var idi. Böyük və müsbət bir layihə idi. Amma belə layihələrin keçirilməli olduğu məktəblər çoxdur. Nə qədər məktəblər, nə qədər istifadəçilər var ki, layihə onları da əhatə etməlidir.

- Bu cür tədbirlərdə əsasən nələrdən bəhs edilir, maarifləndirmə necə aparılır?

- Söhbət belə qurulur: “Bilməlisən ki, əgər sənin dostun pisdirsə və sənə nəsə təklif edirsə, o sənin dostun deyil, düşmənindir. Yaxud da narkotikin arıqlamaq, kökəlmək ya da əhval-ruhiyyəni yüksəltmək üçün vasitə olması fikri tam yanlışdır, əsla belə deyil. Narkotiki sizin gözünüzdə bu qədər kiçildib-adiləşdirirlər ki, siz istifadə edəsiniz. Amma siz əsla belə yalanlara uymayın”. Biz tədbirdə öz video çarxlarımızı da nümayiş etdirdik. Videoda zirzəmidə yaşayan bir çempion göstərilirdi. Bu videoları göstərdik ki, baxın, bu insan da vaxtilə çox gözəl və maddi imkanları olan bir ailənin övladı olub. Amma sonu bu olub. Yəni həm mən, həm reabilitasiya mərkəzimizdəki digər qardaşlar öz həyatı haqda danışdı ki, narkotik heç vaxt heç bir şeyin çıxış yolu ola bilməz.

- Təlimdə başqa hansı nüanslar vurğulandı?

- Əsasən konfetəbənzər, dadlandırıcıya bənzər vaistələrlə aldatmaya diqqət çəkdik ki, bənzər hallarla qarşılaşdığınızda buna yol verməyin. “Bir dəfə ilə heç bir şey olmaz” kimi fikirlər yanlışdır.

- Yəni uşaqları ayıq-sayıq olmağa səslədiniz...

-Bəli, xalq dilində desək, yeniyetmələri ayıldırıq ki, bu narkotikdir, narkotiklə oyun oynamaq olmaz. “Bu nəşədir – yüngül narkotik sayılır, bu heroindir – ağır narkotikdir”, kimi fikir aşılanması səhvdir, belə bir şey yoxdur. Bütün narkotiklər ağırdır.

- Həqiqətən, artıq narkomaniya orta məktəblərə də ayaq açıb. Yeniyetmələr arasında da aludəçilərin sayı artıb. Necə düşünürsünüz, yeniyetmə və gənclərimizin narkotikə marağının artması nəylə bağlıdır?

- Bu marağın artmasının ən əsas səbəblərindən biri onların olduğu ortamlardlr, mühitdir. Hansı ki, bu mühitdə əlində təsbeh, belində bıçaq olan azyaşlı uşaqlar özünü elə aparır ki, elə bil uzun müddətdir kriminal aləmə mənsubdur. Bu “kriminal romantika” adlanır, hansı ki, uşaqları cəlb edir. Onlar bu mühitdə özlərini daha çox təhlükəsizlikdə hiss edirlər. Düşünürlər ki, mən bu hörmətli oğlanlarla bir yerdə olsam, mənə heç kim toxuna bilməz. Bu düşüncə də həmin yeniyetmələrin şəxsi qorxularından, travmalarından qaynaqlanır. Bu tərzdə düşüncənin səbəbi şəxsi qorxulardır. Biz elə bir ölkədə yaşayırıq ki, burada heç kim durduğun yerdə “gözünün üstə qaşın var” deyə bilməz. Həmin uşaq ancaq kimdənsə qorxanda belə olur. Bilinmir, bu ailədənmi psixoloji travma alıb, ya ailə xaricindəki ətrafındanmı travma alıb. Azyaşlı insan özünü təhlükəsizlikdə hiss etmək istəyir və kriminal mühitə meyllənnir. Orada isə uşaq olduğu kimi yox, olmaq istədiyi kimi davranmağa başlayır. Hesab edir ki, “mən hörmətli oğlanam”.

- Yəni problemin kökündə travmalar var. Belə bir nünası qeyd etmək istəyirəm. Travmaları olan uşaqlar çətin tərbiyə olunan uşaqlar kateqoriyasına aiddir?

- Onların içində çətin tərbiyə olunan uşaqlar da, bu kateqoriyaya aid olmayanlar da var. Onlar əsasən olduğu kimi yox, olmaq istədiyi kimi davrananlardır. Məsələn, uşaq internetə girir, görür ki, hansısa iki-üç nəfər uşaq canlı yayına qoşulublar, kriminal romantikadan danışırlar, oğru aləmindən bəhs edirlər. İzləyən şəxsdə istər-istəməz maraq yaranır ki, niyə bu yayını bu qədər izləyirlər, demək, burada nəsə yaxşı bir şey var...

- Yəqin ki, bu təlimlərdə mütəmadi olaraq iştirak edirsiniz. Bu toplantılara çətin tərbiyə olunan uşaqlar da gətirilirmi?

- Mən tədbirdə bu barədə məlumat əldə etməmişəm ki, burada kim çətin tərbiyə olunandır, kim yox. Böyük ehtimalla iştirakçı kontingentin içində belə uşaqlar var. Bu qədər uşağın içində ola bilməz ki, çətin tərbiyə olunan qismindən şəxslər olmasın. 

- Necə düçünürsünüz, narkomaniyanın genişlənməsində ailə faktoru varmı? Həqiqətənmi bu problem ailədəki boşluqdan qaynaqlanır?

- Əlbəttə, disfunksional ailə, ailədə olan problemlər, valideynlərin bir-biri ilə yola getməməsi, valideynin özünün istifadəçi olması – bütün bunlar faktorlardır.

- Bu gün narkomaniyanın artması onu deməyə əsas verir ki, toplum olaraq haradasa yanlışa yol veririk. Bu haqda sizin fikrinizi bilmək də maraqlı olardı. Yol verdiyimiz yanlış nədir?

- Toplum olaraq bizim psixoloji yardıma ehtiyacımız var. Yanlış bizdə elə uşaqlıqdan başlayır ki, biz ümumiyyətlə ailədə də, məktəbdə də, tələbə vaxtı da hər şeyi açıq-aşkar danışmağa çəkinirik. Düşünürük ki, birdən bizim yanlışlarımız uşaqlara maraqlı gələr. Əksinə, bu gün biz öz yanlışlarımızdan danışmalıyıq. Daim təbliğ etməliyik ki, baxın, bu insanlar narkotik istifadə edib, pis vəziyyətə düşüblər. Ola bilməz ki, narkotik istifadəçisinin sonu yaxşı olsun. Yoxsa ata oğlunun qarşısına araq gətirib qoyur ki, gəl 50-50 vuraq. Demirəm ki, bunu edən hər uşaq narkoman olur. Amma çoxunun sonu belə olur. Çünki, bunu edən insan bu tərz həzzdən bezir, başqa həzz axtarmaq istəyir. Bu məqamda da narkotik ona daha maraqlı və cəlbedici gəlir. Yanlışımız isə psixolojidir. Biz cəmiyyət olaraq “o nə deyər, bu nə deyər” fikrindən asılıyıq. Problemin kökündə də elə “o nə deyər, bu nə deyər” dayanır ki, uşaq onun-bunun nə deyəcəyindən qorxur və təhlükəsizliyi də küçə uşaqlarının yanında tapır.

- Qurban bəy, axı bizim cəmiyyətdə hər şeyi “açıb-ağartmaq” yaxşı qarşılanmır. Düşünürlər ki, gizli saxlamaq yaxşıdır, biabırçılıq olar.

- Bəli. Amma biabırçılıq o vaxt olur ki, övladımız gedib narkotik istifadəsinə qurşanır, oğurluq edir, hansısa cinayət törədir. Əslində biabırçılıq bu vaxt olur.

- Deməli, “açıb-ağartmamaq” bizim yol veridiyimiz yanlışlıqdır.

- Əlbəttə. Nəyə görə inkişaf etmiş ölkələrdə narkomaniya bu gün bizdə olduğu qədər deyil. Onlarda da narkomaniya var, amma bizdə olduğu qədər yox. Çünki onlar bağçadan və məktəbdən etibarən narkotikin nə olduğunu, əlavə də narkotikin fəsadlarının nə olduğunu bilirlər.

- Onlarda tərbiyə də fərqlidir, bizdəki kimi “açıb-ağartmamaq”dan qorxmurlar. Onlar hər şeyi açıq-aydın şəkildə uşağa başa salırlar. Tutaq ki, mən atayam, övladıma deyirəm ki, siqaret çəkmək olmaz, amma özüm siqaret çəkirəm. İstər-istəməz uşaqda mənə qarşı qərəz yaranacaq. O düşünəcək ki, siqaret çəkmək belə pis əməldirsə, niyə atam edir?! Yəni şəxsi nümunənin yanlışıdır...

- Bəli, çünki nəyə yanlış deyirsənsə, ona maraqlı gəlir. Kiməsə deyirsənsə bu olmaz, ona fəsadları da izah etməlisən, özün də nümunə olmalısan. Valideyn özü bir nümunədir. Probelmi həll etmək üçün uşaqlıq dövrünün dərinliklərinə varmaq lazımdır.

- Hesab edirsiniz ki, tərbiyədəki bəzi yanlışlıqları düzəltməliyik?

- Biz bunu ailələrin öhdəsinə buraxsaq, inanın mənə, alınmayacaq. Dövlət bunu öz öhdəsinə götürməlidir.

- Mənə elə gəlir ki, hətta yeni qurulan ailələr də maarifləndirmə prosesi çərçivəsinə daxil edilməlidir ki, məsələnin kökü orada qurudulsun. Çünki kök oradan başlayır.

- İnsanların ümumi vəziyyətini götürəndə iş-güc, kredit, borc-xərc hamını elə vəziyyətə salıb ki, hamının başı özünə qarışıb. Desən ki, gəl filan şeyi et, etməyəcəklər. Amma məktəbdəki, bağçadakı, universitetdəki uşaqlar əlimizdədir.Yəni onlara maarifləndirməni çatdıran dərs salınmalıdır, demək lazımdır ki, bu dərsdə oturmalısan, oturmasan məsuliyyət daşıyırsan. Bu bizim əlimizdədir. Bunu edə bilərik. Amma valideynlərə desək ki, təlimlərə gəlin, ödənişsizdir, faydası yoxdur.       

- Deməli, cəmiyyət olaraq, ailə, tədris ocaqları, dövlət əl-ələ verib çalışmalıyıq...

- Ayrıca dərs saatı salınmalıdır. Psixoloji məqama vaxt ayrılmalıdır. Mənəvi inkişafla bağlı təlimlər keçirilməldir. İnsanlar hər şeyi maddiyyatda axtarmasın.

- Siz bu prosesi necə görürsünüz?

- Həm məktəbdə, həm universitetdə bu təlimlər aparımalıdır. Məsələn, “sənin olan ən qiymətli şeyi kiməsə bağışla” kampaniyası təşkil etmək olar. Yəni ehtiyacı olan şəxsə ən sevdiyin şeyi hədiyyə et. İnsan ehtiyacı olan şəxsə təmənnasız qayğının ləzzətini dadsın. Çünki get-gedə cəmiyyətimiz o yöndə inkişaf edir ki, “mənə səndən bir fayda yoxdursa, heç sənə salam verməyim”. Amma insanlar hər şeyin Allahdan olduğunu bilməlidirlər. Bilməlidirlər ki, təmənnasız qayğı cəmiyyətin travmalarını sağaldır. Demirəm dini terminlərlə. Amma elə bir tərzdə bu işi təşkil etmək olar ki, köməyə ehtiyacı olan insanlara təmənnasız yardım etməyə alışsınlar, kiməsə geyimini, kiməsə kitabını, hansısa maddi imkanlı bir ailə hansısa imkansız uşağa təhsil verməyi öz üzərinə götürsün, biganə qalmasınlar. Bu kimi şeylərlə insan gözəlləşir.

- Yəni cəmiyyət olaraq, mənəvi tərbiylənmə keçməliyik.

- İnsanlar bir-birinə yalnız umacağı mənfəətinə görə yaxınlaşmamalıdırlar. Toyda bir-birinin hesabına pul salmaq kimi. Təsəvvür edə bilməzsiniz ki, cavanlar arasında nə qədər yersiz söhbətlər var, nə nağıl deyil, nə illüziya deyil, bilmirsən nədir. Belə görünür ki, səbəb ailələrdən gələn problemin özünü biruzə verməsidir. Problemin görünən tərəfinin kökü ailədən gəlir.

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az