Kriminal avtoritetin sifarişi ilə qətl törədən şəxslərlə bağlı qərar verildi

Gəncə Apellyasiya Məhkəməsində Samux rayonunda törətməkdə təqsirləndirilən Elvin Mehdiyev və qətl hadisəsində köməkçi qismində iştirak etmədə ittiham olunan Tural Yusifovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Salman Hüseynovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Mehdiyev 18 il və Tural Yusifov isə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: 2021-ci il noyabrın 11-də Samux rayonunun Sərkar kəndi ərazisindən kənd sakini, əvvəllər məhkum olunmuş 54 yaşlı Aytəkin Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və noyabrın 12-də orada ölməsi ilə bağlı daxil olan məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Baş Cinayət Axtarışı İdarəsi və Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinənlər - Saatlı rayon sakini Elvin Mehdiyev və Sərkar kənd sakini Tural Yusifov tutularaq istintaqa təhvil veriliblər. İttihama görə, Elvin Mehdiyev istintaqa məlum olmayan tarixdə, vaxtda və yerdə Ukraynanın Zaporojye vilayətində avtoritet, yəni kriminal aləmdə nüfuz sahibi olan, şəxsiyyəti istintaqa tam məlum olmayan “Ruslan” adlı şəxsdən, əvvəllər Ukraynanın Xerson vilayətində yaşamış, sonradan Azərbaycana köçüb gələn Aytəkin Hüseynovu öldürmək barədə sifariş alıb. O, sonra Aytəkini qəsdən öldürmək qərarına gəlib və bu məqsədlə o, zərərçəkmişlə bir kənddə yaşayan və kəndin ərazisini yaxşı tanıyan qohumu - Tural Yusifovla həmin cinayətin törədilməsinə məsləhətləri ilə, əlverişli şəraiti və yeri seçmək, habelə cinayəti törətdikdən sonra izi itirmək məqsədilə onu kənar yollarla cinayəti törətdiyi ərazidən uzaqlaşdırmaqla məsuliyyətdən yayınmasına yardım etməsi barədə əvvəlcədən razılığa gəlib./pravda.az