Kosovo yenə qarışdı, serblərlə albanlar toqquşdu: NATO-nun 41 əsgəri yaralandı

Kosovoda etirazçılarla toqquşma zamanı NATO-nun rəhbərliyi altında regionda təhlükəsizliyə cavabdeh olan KFOR beynəlxalq qüvvələrinin 41 əsgəri yaralanıb. 

Bu barədə ANSA nəşri məlumat yayıb.

İtaliya Xarici İşlər Nazirliyi yaralananlar arasında İtaliyadan olan 11 əsgərin olduğunu bildirib. İtaliyanın xarici işlər naziri Angelo Tayani bildirib ki, onlardan üçünün vəziyyəti ağırdır.

NATO KFOR personalına hücumun "səsəbsiz" olduğunu bildirib. "Bu cür hücumlar qətiyyən yolverilməzdir. Zorakılığa dərhal son qoyulmalıdır”, - bəyanatda deyilir.

Kosovoda kütləvi etirazlar mayın 26-da kosovo albanlarının bir neçə şəhərdə mer vəzifəsini tutmasından sonra başlayıb. Serblər səsverməni boykot etdiyi üçün apreldə keçirilən bələdiyyə seçkilərində qalib gələ biliblər. Serb fəallar buna cavab olaraq seçilmiş administrasiya başçılarının işə başlamasının qarşısını almaq üçün şəhərlərdəki inzibati binaları mühasirəyə almağa cəhd ediblər.

Etirazlar tezliklə Kosovo xüsusi təyinatlıları ilə toqquşmaya çevrilib. Associated Press xəbər verir ki, nümayişlər zamanı hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan istifadə edib, bir neçə avtomobil yandırılıb.

Mayın 29-da beynəlxalq KFOR kontingentinin qüvvələri yerli polisə Zveçan, Leposaviç, Zubin Potok və Kosovska Mitroviçdəki inzibati binaların mühafizəsinə kömək etmək üçün gəlib. "Veçerne Novosti” qəzeti yazıb ki, Zveçan şəhərində meriyanın qarşısına toplaşan yerli serblər KFOR qüvvələri ilə toqquşublar. Nəşrin məlumatına görə, beynəlxalq qüvvələr gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib, atışma da eşidilib.

"Alo” nəşri qeyd edir ki, toqquşmadan bir neçə saat əvvəl KFOR zabiti etirazçılarla danışıqlara başlayıb və bütün gün ərzində üç zirehli maşında mühasirəyə alınmış Kosovo polisinin xüsusi təyinatlı qüvvələrinin azad edilməsini tələb edib. Əks halda o, güc tətbiq edəcəyini vəd edib. 

Qarşıdurma xəbərindən sonra Serbiya prezidenti Aleksandar Vuçiç xalqa təcili müraciət edib. O bildirib ki, Kosovo hakimiyyətinin məqsədi Serbiya və NATO-nu qarışdırmaqdır. O, həmçinin əlavə edib ki, etirazlar zamanı 52 serb yaralanıb.

Bundan əvvəl Serbiya ordunu yüksək hazırlıq vəziyyətinə gətirib. Prezident Vuçiç daha sonra bəzi hərbi bölmələrin Kosovo ilə sərhədə yaxınlaşmasını əmr edib. Müdafiə naziri Miloş Vuçeviç qismən tanınan respublikadakı vəziyyəti "dramatik" adlandırıb.

NATO-nun Kosovodakı sülhməramlı kontingenti 3800 hərbçidən ibarətdir./"qaynarinfo"