“Köhnə kadrlar narkotiklərlə mübarizədən uzaqlaşdırılmalıdır” - QULAMHÜSEYN ƏLİBƏYLİ

“DSX VƏ DGK əməkdaşları ilə əlbir olub, narkotik keçirilməsi hallarına rast gəlmək mümkündür”

“Narkotik istifadəçilərinə qarşı cəza siyasətində dəyişiklik etmək lazımdır”

“Narkotikin dövriyyəsi ilə bağlı qaydaların sərtləşdirilməsi ilə yanaşı, onun Azərbaycana gətirilməsinin qarşısının alınması üçün tədbirlər görülməlidir”

Narkomaniyaya qarşı mübarizənin əsas hədəfi narkotik idxalının qarşısının alınması və qanunsuz dövriyyənin çökdürülməsidir. Çünki ölkəyə narkotik gəlirsə, onun alıcısına çatdırılması indi o qədər də çətin proses deyil. Sadəcə, alverin “xod” getməsi üçün təlabat yaratmaq lazımdır. Təlabatı ödəmək məqsədilə də “bariqa”lar prosesə cəlb olunurlar. Bunlar isə bütövlükdə narkoticarət şəbəkəsi deməkdir.

Narkoticarət şəbəkəsi nəhəng gəlirlər əldə etmək üçün əhalinin gənc təbəqəsini öncə ovuna, sonra qurbanına, torunda çabalayan qazanc mənbəyinə çevirirlər. Bu səbəbdən, mübarizə narkoticarət və narkomaniyaya qarşı, yəni iki cəbhədən getməli, hər iki seqmenti əhatə etməlidir. Aydınlar Partiyasının sədri, sabiq millət vəkili Qulamhüseyn Əlibəyli ilə bu mövzunu müzakrə etdik.

- Qulamhüseyn bəy, dünyada olduğu kimi, Azərbaycanda da narkoticarət genişlənir və narkomaniya “çiçəklənir”. Xüsusilə də  44 günlük müharibədən sonra narkotik tacirləri daha amansız şəkildə gənclərimizə hücum edib. Qarabağ savaşından sonra indi narkomaniya ilə döyüş meydanındayıq. Siz aparılan mübarizəni necə dəyərləndirirsiniz? Real nəticələr əldə etməyə, qələbə qazanmağa nail ola bilirik?

- Mən hesab edirəm ki, narkomaniya üzərində qələbə qazandığımızı demək hələ tezdir. Ona görə ki, Azərbaycan kifayət qədər narkotik vasitələrin gətirilməsi faktları var. Bu da o deməkdir ki, bunun qarşısını tamam ala bilməmişik. Düzdür, gömrük orqanlarımız, hüquq-mühafizə orqanlarımız bir çox hallarda çalışırlar ki, xüsusən İrandan gələn narkotikin qarşısını alsınlar, tədbirlər görürlər. O tədbirlər də əksər hallarda uğurlu olur. Amma hələ ki, onun kökünü kəsə bilməmişik, narkotik axını yenə davam edir. Tez-tez məlumatlar gəlir, tutaq ki, İrandan narkotik vasitələr keçirilib, müəyyən şəxslər saxlanılıb. Bu o deməkdir ki, biz hələ qələbə çalmamışıq.

Amma mübarizə aparırıq. Xüsusən xaricdən ölkəmizə narkotik gətirilməsi ilə bağlı mübarizə güclənir. Vaxtilə müəyyən tədbirlər də görülüb. Deməzdim ki, birdən-birə biz narkotik vasitələrin Azərbaycana daxil olmasını tamam ləğv etmişik, yaxud qarşısını almışıq. Amma hər halda müəyyən tədbirlərin görülməsi etiraf olunmalıdır.

Eyni zamanda, narkotikə aludəçiliyində də artım var. Xüsusilə gənclərimiz arasında narkotk aludəçiliyinin artması, psixotrop maddələrdən istifadə olunması məsələləri var. Təkcə inzibati yollarla uğura nail olmaq bir az çətin olar. İnzibati tədbirlər də əhəmiyyətlidir. Həmçinin, digər sosial tədbirlər də görülməlidir. Gənclərin işə düzəlməsi, asudə vaxtlarının səmərəli keçirilməsi ilə bağlı müəyyən çoxsaylı problemlər var ki, həmin problemlərin ən azı aradan qaldırılması üçün tədbirlər görülməlidir.

Birinci növbədə, bizim işsizliklə bağlı həddindən artıq problemimiz var. Ölkəmzdə bir çox hallarda işsiz qalıb nə işlə məşğul olacaqlarını bilmədikləri üçün narkotikə qurşanırlar, ya da narkotik vasitələrin satışına gedirlər ki, özləri üçün "çörək" qazansınlar. Hərçənd ki, buna “çörək qazanmaq” demək mümkün deyil. Hesab edirəm ki, kompleks sosial-iqtisadi-mədəni tədbirlər, o cümlədən inzibati tədbirlər sistemi görülməlidir.    

- Sizcə, biz effektiv mübarizə sərgiləyə bilmirik, yoxsa narkoşəbəkə qarşısı alınması çətin kriminal ünsürlər olduğu üçün çarəsiz qalırıq? Bəlkə mübarizə üsullarını dəyşməliyik?

- Hər iki variant var. Ümumiyyətlə, cinayətkarlıq belə bir xüsusiyyətə malikdir ki, şəraitə tez uyğunlaşır. Və bir çox hallarda yenilikləri bizim hüquq-mühafizə orqanlarımızdan tez mənimsəyirlər. Məsələn, kibercnayətkarlıq çoxdan başlayıb və Azərbaycan hakimiyyəti onunla son dövrlərdə mübarizə aparır. Görürsünüz ki, kibercinayətkarlıqla mübarizə o qədr də uğurlu alınmır. Bu o deməkdir ki, onlar bizdən daha yaxşı hazırlaşıblar. Bizdən deyəndə, yəni dövlətdən, dövlət qurumlarından.

O cümlədən, mən hesab edirəm ki, narkotiklərlə bağlı olan məsələlədə də belədir. Düzdür, uzun müddətdir ki, mübarizə gedir, tədbirlər görülür. Amma, görünür, narkotacirlər, yaxud da narkotik istifadəçiləri hər bir inzibati qadağaya, hər bir inzibati folklora daha tez uyğunlaşırlar. Daha çox inkişafdadırlar. Dediyiniz məsələ birinci növbədə bununla bağlı ola bilər.

İkinci növbədə, effektv mübarizə üsulu bizdə daha çox qarşısını almaq, tutmaq, həbs etmək, məhkum etməkdir. Hesab edirəm ki, inzibati mübarizə bəzən effekt verməyəndə onu dəyişmək lazımdır. Kompleks tədbirlər sistemi düşünmək lazımdır, neyləmək olar ki, bunun qarşısı alınsın və yeniyetmələrimiz narkotikə qurşanmasınlar? Bunun reseptini heç kim verə bilməz, amma bu sahədə tədqiqatlar, araşdırmalar aparılmalıdır ki, bir nəticə əldə olunsun, ona da uyğun tədbirlər görülsün.   

- Narkoticarətin hədəfi çoxvektorludur. Bir tərəfdən qazanc təmin etməkdirsə, digər tərəfdən bu qazanc prosesi yeniyetmə və gənclərimizi məhv etməyə yönəlib. Yəni narkotikdən gələn pullar gənclərimizin mənən və fiziki cəhətdən məhv edilməsi hesabına başa gəlir. Məntiqlə mübarizə də iki qoldan getməlidir -narkomaniyaya və narkoticarətə qarşı . Sizcə, narkoticarəti məhv edə bilmiriksə, yalnız maarifçiliklə narkomaniyanın qarşısını almaq mümkündürmü?

- Yox. Hesab edirəm ki, bunların hər ikisi eyni zamanda, paralel aparılmalıdır. Narkotikin dövriyyəsi ilə bağlı qaydaların sərtləşdirilməsi ilə yanaşı, onun Azərbaycana gətirilməsinin qarşısının alınması üçün tədbirlər görülməlidir. Təkcə gömrüklə, sərhəd mühafizəsi ilə buna nail ola bilmirik. Narkotiki heç sərhədçilərin xəbəri olmadan sərhəddən kənar yerdən keçirirlər. Yəni həm bunun ticarəti ilə mübarizə aparmaq lazımdır, həm də gənclərin narkotiklərə qurşanmasının, ümumiyyətlə narkomaniyanın kökünü kəsmək üçün, onların sayını azaltmaq üçün sosial-iqtisadi tədbirlər sistemi hazırlanmalıdır ki, gənclərimiz ona bekarçılıqdan meyl etməsinlər. Və yaxud da xarici filmlərin bir çox yerlərində narkotiklər açıq şəkildə göstərilir, yeniyetmələr daha çox aludə olurlar. Bu məsələlərə diqqət yetirmək lazımdır ki, hansı filmlər verilir. Amma informasiya texnoloiyalarının belə inkişafı səviyyəsində mümkün deyil ki, YouTube-da, yaxud sosial şəbəkələrdə belə filmləri axtarıb tapmayalar.

Sonra bir ara dəb düşmüşdü, deyəsən indi də var, sosial şəbəkələrdə narkotikləri təbliğ edən mahnılar səsləndirilir. Bu gənclərimizi daha çox həvəsləndirir ki, bax, görürsən bu yaxşıdır. Hətta mənim yadıma gəlir, bir mahnı var idi - Hallanmışam - deyə. Bax, bu cür təşviqat aparan şəxslərlə inzibati səviyyədə mübarizə aparmaq lazımdır ki, sosial şəbəkələrə bunların mahnıları, çıxışları çatmasın. Geniş miqyasda oturub araşdırma aparmaq lazımdır ki, bu bəlanın kökünü kəsməsək, xeyli azaltmaq üçün hansı tədbirlər görülməlidir.

- Hesablamalara görə, İrandan daxil olan narkotik vasitələrin cəmi 16 faizi aşkar olunur. Bu isə o deməkdir ki, 84 faiz, yəni tonlarla narkotik sərbəst şəkildə ölkəmizə ayaq açır və alıcısına çatır. Sizcə, burada aidiyyəti dövlət qurumlarının - DSX, DGK və DİN-in məsuliyyət payı nə qədərdir? Bəlkə məhz narkoticarətin təqibi ilə bağlı yeni qurumun təsisinə ehtiyac var?

- Bu, mümkün olan məsələdir. Amma idarəetmədə şərti olaraq “parkinson qanunları” deyilən qanunlar var. Hansı yerlərdə iş düz getmirsə, orada yeni strukturlar yaradılır. Amma bəzən o yeni strukturlar nəinki işi irəli aparır, bir çox hallarda geriyə çəkir. Yəni prinsip etibarilə institusional yeni qurumlar yaratmaq olar. Amma tutaq ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsi var - sosial şəbəkələrdə də həmin şəxslərin siyasi fəalları bəzi hallarda narkotiklə şərləməsi hallarına rast gəlinməsi barədə ifadələr var. Yəni bu institusional orqan var ki, birbaşa narkotiklərlə mübarizə işinə baxır. Cinayət Məcəlləsində müvafiq dəyişilmiş qanunvericilik, İnzibati Xətalar Məcəlləsində müvafiq qanunlar var. Yəni institusional olaraq elə qurumun yaradılması o qədər də effektli olmayacaq. Köhnə qurumun bazasında yaradıla bilər. Ona görə, bəlkə sistemə yeni adamların, yeni kadrların gəlməsi barədə fikirləşmək lazımdır ki, artıq vaxtilə müxtəlif işlərdə adı hallananan köhnə kadrları başqa işə göndərmək lazımdır ki, onlar narkotiklərlə mübarizədən uzaqlaşdırılsın. O cümlədən Gömrük Komitəsində də belə ola bilər. Gömrük Komitəsinin əməkdaşları ilə əlbir olub, narkotikin keçirilməsi hallarına da rast gəlmək mümükündür. Sərhəd qoşunları ilə də mümkün ola bilər. Azərbaycanda bəzən elə cinayət işləri baş verir ki, bu, bizim ağlımıza gəlmir. Bu da dövlət qurumlarının tərkibində olan, belə deyək, cinayətkar dəstədir.

Əslində, ictimaiyyətin də və yaxud digər hüquq-mühafizə orqanlarının köməyilə tədricən aradan qaldırmaq üçün bu və ya digər tədbirlər görmək olar. Mən hesab edirəm ki, narkoticarətlə mübarizə aparmalı olan qurumların əməkdaşları ilə daha sərt, daha ciddi tədbirlər görülməlidir.

- Hazırda türmələrdə cəza çəkən məhbusların 50 faizə yaxını məhz narkotiklə əlaqədar həbs olunanlardır. Buna baxmayaraq, həbslərin ardı-arası kəsilmir, demək olar ki, hər gün 30-40 nəfər narkotik alverçisi saxlanılır, həbsə göndərilir, amma bunlar da insanları çəkindirə bilmir. Siz bayaq sosial-iqtisadi tədbirləri sadaladınız. Bəs, narkotiklə əlaqədar cəzaların sərtləşdirlməsinə ehtiyac varmı? Yaxud daha hansı üsullara əl atmalıyıq?

- Qanunvericilik təcrübəsində bir çox yerlərdə müşahidə olunub ki, cəzaların sərtləşdirilməsi bir çox hallarda cinayətlərin azalmasına gətirib çıxarmır, əksinə bəzi hallarda yükslməsinə gətirib çıxarır. Tutaq ki, rüşvətə qarşı mübarizə aparırlarsa, rüşvət alanlar şərtlərini dəyişirlər. Hətta rüşvətin qiymətini qaldırırlar ki, bax, tutulsam mənə bu qədər cəza veriləcək, ona görə daha çox rüşvət almış olurlar. Ona görə də hesab edirəm ki, narkotiklərlə bağlı da bu fikri nəzərdən keçirmək lazımdır. Yəni cəzanın sərtləşdirilməsi öz yerində, bu, mümkün olan bir variantdır. Amma onunla cinayətkarlığı aradan qaldırmaq tamamilə mümkün deyil. Ona görə də bəzən cəza siyasətində də bu və ya digər dəyişikliyi etmək lazımdır. Bəlkə də bəzi hallarda yüngülləşdirmə lazımdır. Məsələn, narkotik istifadəsi ilə bağlı olan hallarda. Satışla bağlı olan hallarda cəzanı nə qədər sərtləşdirsən də, yenə də satış baş verəcək. Lakin satış məqsədi olmadan istifadə edən şəxslər var ki, onlar narkotkə xəstəlik səviyyəsində qurşanıblar. Hüquq-mühafizə orqanlarımız onları da satış məqsədi ilə nəzərdən keçirirlər, həbs edirlər və yaxud da mühakimə edirlər. Bu da həmin şəxslərin daha da korlanmasına gətirir.

- Sizin bununla bağlı konkret təklifiniz var?

- Onların müalicəsi məsələsini təşkil etməliyik. Düzdür, narkoloji dispanserlər, narkotikdən müalicə mərkəzləri var. Amma yenə də onları düşmən kimi kənara qoymaq yox, mülaicə edib cəmiyyətə qaytarmaq lazımdır. Onların inteqrasiyası üçün tədbirlər hazırlanmalıdır. Dediyimiz sosial-mədəni tədbirlər sistemi buna aid olmalıdır ki, biz necə edək, gəncləri çəkindirək və yaxud da narkotikə qurşanmış şəxsləri müalicə edək, onlardan cəmiyyətdə yararlanmaq mümkün olsun. Yəni kimlər, hansı yaş qrupunda narkotikə qurşanırlar - bunlar geniş təhlil olunmalı məsələdir, cavab tədbirləri geniş proqramda əksni tapmalıdır.

- Narkotiklə əlaqədar həbs olunanların siyahısına baxdıqda, görünən odur ki, onların içərisində bir nəfər də olsun məmur, yaxud vəzifəli şəxs yoxdur. Sizcə, ölkə səviyyəsində genişlənən narkotik ticarətində bu təbəqənin heç "qatqısı" yoxdur? Varsa niyə onlar azadlıqdadır?

- O barədə dəqiq məlumatım yoxdur. Çünki, düzünü desəm, bütövlükdə o problemlə məşğul olmamışam. Təxmini olaraq deyə bilərəm ki, ola bilsin, hakimiyyət istəmir o məsələlər - dövlət vəzifəsi tutan şəxslərin narkoman olması, narkotikdən istifadə etməsi cəmiyyətə daha çox açıqlansın. Yaxud narkotiklə əlaqəli olmasını açıqlamaq istərmirlər ki, cəmiyyət hakimiyyətə qarşı mənfi yüklənə bilər.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az