Lənkəran Ağır Cinayətlər Məhkəməsinə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ziyad Dadaşovun (şərti) cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
Hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 03 may 2022-ci ildə, saat 18 radələrində Biləsuvar rayonunun Ovçubərə kəndində qeydə alınıb. Belə ki, Ziyad Dadaşov yaşadığı evin qarşısında əvvəllər aralarında qərəzçilik münasibəti olan qonşusu, zərərçəkmiş Alı Əliyev (şərti) ilə şəxsi münasibətlər zəminində, yəni sonuncunun ona məxsus həyətə icazəsiz girib su arxı çəkmək istəməsi ilə bağlı aralarında mübahisə yaranıb. Bu zamanı Alı onu nalayiq ifadələrlə təhqir edərək sinə nahiyəsindən əli ilə zərbə vurub. Daha sonra o, üzərində olan turist bıçağı ilə qəsdən qonşusunun döş qəfəsinin ön nahiyəsindən bir dəfə zərbə endirib. Həmin vaxt zərərçəkmiş şəxs Ziyadı qucaqlayıb yerə yıxmaq istəyib. O isə sağ əlindəki bıçaqla Alının döş qəfəsinin sol yarısının arxa səthinə 5 dəfə zərbə endirərək ona xəsarət yetirib. Ziyad Dadaşovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə istintaqı zamanı Ziyad Dadaşov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərib ki, 03 may 2022-ci ildə, saat 18 radələrində evdə olarkən pəncərədən həmkəndlisi Alının bağda su kanalının içərisində dayanıb həyətə baxmasını görüb. Bu zaman o, qonşusuna yaxınlaşaraq, ondan “nə üçün bağa keçməsini” soruşub. Alı isə su kanalını qazmaq üçün keçdiyini, onun buna icazəsi olduğunu, istədiyi vaxt bağa girəcəyini deyib və onu təhqir edib. Daha sonra qonşusu Ziyadın sinəsindən bir dəfə əli ilə zərbə vurub. Ziyad da Alının onu təhqir etməsindən və vurmasından əsəbləşib, cibində olan bıçağı çıxarıb qonşusunun qarın nahiyəsindən vurub. Bu zaman Alı onun üzərinə hücum edərək onu qucaqlayıb. Ziyad Alını özündən uzaqlaşdırmaq məqsədi ilə əlindəki bıçaqla qonşusunun döş qəfəsinin sol yarısının arxa səthinə bir neçə zərbə endirib. O, Alıya xəsarət yetirdikdən sonra kənara çəkilib və həmin vaxt hadisə yerinə gələn əmisi onlara yaxınlaşıb. Əmisi Alının qolundan tutub həyətinə aparıb. Ziyad söyləyib ki, hadisədən sonra həmkəndlisi Tahirin (şərti) maşını ilə polis şöbəsinə gedərək törətdiyi cinayət hadisəsi barədə məlumat verməklə könüllü təslim olub. O, təqsirini səmimi etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib./pravda.az