KİBERPOLİSDƏN ƏMƏLİYYAT: 200-dən çox vətəndaşın kart məlumatlarını ələ keçirən dələduz saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif səhifələrdə “sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi” adı altında insanların pulunu ələ keçirən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı Kənan Əmirahlı saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla məlum olub ki, K.Əmirahlı sosial şəbəkələrdə kampaniya keçirildiyini və güzəştli şərtlərlə kreditlərin verilməsi ilə bağlı elanlar yerləşdirib. Daha sonra ona müraciət edən şəxslərin kart məlumatlarını və onların mobil telefonlarına göndərilmiş “OTP” təhlükəsizlik kodlarını ələ keçirib.

Saxlanılan şəxs informasiyaları əldə etdikdən sonra mobil tətbiqlərə daxil olaraq zərərçəkənlərin balansındakı vəsaitləri başqa şəxslərin adına açdığı kartlara köçürərək mənimsəyib.

Faktlarla bağlı cinayət işi başlanılıb. K.Əmirahlı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vətəndaşlara müraciət edərək bildiririk ki, sosial şəbəkələrdə saxta kredit elanları ilə bağlı paylaşımlarla qarşılaşan zaman maksimum dərəcədə ehtiyatlı olsunlar. Sürətli və aşağı faizli kredit imkanı kimi başlıqlı elanlara, bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara, eləcə də keçidlərə diqqət yetirsinlər.