Kafedə fəhləni soyan “Raci” məhkəmə zalında həbs edildi

Abşeron Rayon Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Razim Həsənovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib, barəsində həbs qətimkan tədbiri seçilib və Razim Həsənov məhkəmə iclas zalından dərhal həbsə alınıb.

İttihama görə, hadisə 25 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində Abşeron rayonu Xırdalan şəhəri, “Köhnə bazar”da yerləşən kafedə qeydə alınıb. Belə ki, Razim Həsənov həmin kafedə sərxoş vəziyyətdə olan Fərid Məmmədovun (şərti) yerə yıxılmasından istifadə edərək onun əynindəki gödəkçəsinin cibindən 428 manat pulu soyğunçuluq yolu ilə ələ keçirib. Məhkəmə istintaqında Razim Həsənov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, rəsmi adının Razim olmasına baxmayaraq, özünü hər kəsə “Raci” adı ilə təqdim edir. Təqsirləndiirlən şəxs dindirilərkən zərərçəkmişin cibindən pul götürmədiyini söyləyib. Zərərçəkmiş Fərid Məmmədov ifadəsində deyib ki, Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində günəmuzd araba sürüb fəhlə işləməklə, ailəsi üçün çörək pulu qazanır. O, hadisə günü Razim Həsənovun onu soyduğunu, ondan şikayətçi olduğunu bildirib./pravda.az