İsrail və Rusiya vətəndaşı olan Yelizaveta Surkova İraqın paytaxtı Bağdadın elit məhəlləsi sayılan Kardada kafedən evinə qayıdarkən oğurlanıb.
Bu barədə “New York Times” məlumat yayıb.
Bildirilib ki, Prinston Universitetinin doktorantı olan xanım İraqa doktorluq elmi işi üçün səfər edib. Orada Qərb ölkələrindən olan qonaqların yaşadıqları Karda məhəlləsində məskunlaşıb. Həmin ərazidə məşhur kafe, mağaza və kilsə var.
Məlumata görə, 36 yaşlı ərəbşünas İraqa Rusiya pasportu ilə səfər edib. Orada bu ilin martında iranyönümlü “Hizbullah taboru” (“Kataeb Hizbullah”) tərəfindən oğurlanıb.
ABŞ-ın Nyu-Cersi ştatının Prinston şəhərində yerləşən eyniadlı universitetin rəhbərliyi doktorantının oğurlanmasından təəssüfləndiyini və onun ali təhsil müəssisəsinin elmi ictimaiyyəti üçün çox vacib şəxs olduğunu bildirib.
Məlumata görə, “Kataeb Hizbullah” İraqdan daha çox İrana bağlıdır. Alimin oğurlanmasının birbaşa İranla əlaqəli olduğu ortaya çıxarsa, bu, İsraillə İran və onun Yaxın Şərqdəki tərəfdarları arasında uzunmüddətli davam edən gərginliyi daha da artıracaq.
Xatırladaq ki, onun sağ və İraq ərazisində olduğu bildirilir.
Qeyd edək ki, Surkova 1986-cı ildə Leninqradda (hazırda Sankt-Peterburq adlanır) dissident ailəsində anadan olub. Onun ailəsi keçmiş SSRİ-də tanınmış dissident Natan Şaranski ilə işbirliyinə görə hakimiyyət tərəfindən həbs edilmişdi. Ailə 1990-cı ildə İsrailə köçüb.
Surkova ÇAXAL-da (İsrail Silahlı Qüvvələri və onun əsas təhlükəsizlik orqanı) xidmət etdiyi zaman ərəb mədəniyyəti ilə maraqlanıb. O, beynəlxalq münasibətlər üzrə birinci dərəcəni İvrit Universitetində, ikincini isə ABŞ-ın Çikaqo və İsrailin Təl-Əviv universitetlərində alıb./report