İşlədiyi şirkətdən 77 min manat mənimsədi - 5 İL HƏBS OLUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Nihad Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Fərzəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

İttihama görə, təqsirləndirilən şəxs "Camal LTD" MMC-də satış təmsilçisi vəzifəsində çalışdığı dövrdə şirkətə 77 min 365 manat ziyan vurub. O, müştərilərdən aldığı vəsaiti şirkətin hesabına köçürməyərək mənimsəyib.

Təqsirləndirilən Nihad Fərzəliyev Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.