İrandan narkotik axını Türkiyəni də hərəkətə gətirdi... – QARDAŞ ÖLKƏ SƏRHƏDƏ HASAR ÇƏKİR, BİZ NƏYİ GÖZLƏYİRİK?!

Ölkələr qaçaqmalçılıq yolu ilə narkotik, silah, eləcə də digər malların daxil olmasının qarşısını almaqda çətinlik çəkəndə ənənəvi və qeyri-ənənəvi bütün üsullara əl atırlar ki, sərhədlərə nəzarət etsinlər. ABŞ kimi qüdrətli dövlət Meksikadan öz ərazisinə narkotik axınının qarşısını almağın yolunu divar çəkməkdə gördü. Hətta bu divardan çox, böyük səddir. İki ölkə arasındakı sərhəd 3201 km-dir. Səddin bəzi hissələri fiziki divarlardan, bəzi hissələri isə ABŞ-ın Sərhəd Patrulu tərəfindən nəzarət edilən “virtual hasar”dan ibarətdir ki, ona da sensorlar və kamera sistemləri nəzarət edir.

Amma, görünür, bu metod da problemi tam həll edə bilmir. Çünki bu yetərli olsaydı, iki ölkə sərhədinin rəqəmsal izlənmə sistemi ilə qorunması da gündəmə gəlməzdi. Belə ki, ABŞ-Meksika sərhədindən narkotik maddə olan fentanil prekursorlarının keçirilməsinin qarşısının alınması üçün Meksika öz limanlarında və sərhəd-keçid məntəqələrində rəqəmsal izləmə sistemləri quraşdırmağa hazırlıq görür.

Bu üsula əl atan dövlətlərdən biri də Türkiyədir. Bilirik ki, Türkiyə İranla 560 kliometrlik sərhəddən terrorçu, narkotik, silah qaçaqmalçılığının qarşısını almaqdan ötrü 4 metr hündürlüyündə təhlükəsizlik divarı çəkir. Bir müddət öncə bu sərhəddən narkotiklə yanaşı, əfqan mühacirlər də axın-axın keçirdi ki, bu “insan seli”nin dinc şəxslər, yaxud hərbi təlim keçmiş tam hazırlıqlı terrorçu olub-olmamasının heç bur zəmanəti yoxdur.

Türkiyənin sərhəd qoşunları təhlükəsizlik divarı marşrutuna paralel yolda patrul xidməti həyata keçirəcək və həftənin 7 günü 24 saat sərhədi nəzarətdə saxlayacaq. Sərhədin təhlükəsizliyi üçün tikilən təhlükəsizlik divarı 3 kilometrə çatıb. 4 metr hündürlüyündə divarlar 3 metrlik ülgüc məftillə örtüldüyü halda, digər tərəfdə də səngərlər qazılır.

Vaxtilə Türkiyə-Suriya sərhədində də terrorçuların maneəsiz hərəkətinin qarşısının alınması üçün belə hasar var idi. İndi isə İranın narkotik savaşı Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da yönəldiyindən, qardaş ölkə sərhədə təhlükəsizlik divarı çəkməyə məcbur oldu.

Əfqan mühacirlər demişkən, sentyabrın 5-də Astara yaxınlığındakı İran-Azərbaycan sərhədindən iki nəfər əfqan keçməyə cəhd edərkən ələ keçib. Azərbaycana “böyük həvəslə” narkotik axınını gerçəkləşdirən molla rejiminin sərhəddən terrorçu axınına da şərait yaradacağı sirr deyil. Stopnarkotik.az saytının da dəfələrlə təklif etdiyi kimi, İran-Azərbaycan sərhədində hasar tikilməsi, istehkam qurğularının quraşdırılması variantı da gözdən keçirilməlidir. Amma məsələ yalnız bununla bitməməlidir. Yeni rəqəmsal vasitələr də prosesə inteqrasiya edilməlidir. İranla həm dəniz, həm də quru sərhədimizin tam nəzarətə götürülməsinə başlanılmalıdır.

Yeri gəlmişkən, sərhədə nəzarət sisteminə peyklərlə nəzarət də qoşulmalıdır. 44 günlük müharibədə və daha sonra erməni silahlı dəstələrinin Qarabağda hərəkət trayektoriyasını izləmək üçün bu üsuldan istifadə edildi. Müasir dövrün mübarizə üsulları da müasir metodlarla aparılmalıdır. Əgər kosmosdan, peyklərdən erməni dəstələri izlənə bilirsə, sərhəd bölgəsində yerləşdiriləcək -quraşdırılacaq qurğularla narkobaronların narkotik marşrutlarının reysləri də izlənilə bilər.

Ən azı sovet dönəmində olduğu kimi, çalışmaq lazımdır ki, İrandan bu tərəfə “quş keçməsin”. İlk öncə sərhəd boyunca müasir tələblərə cavab verən istehkam qurğuları qurulmalıdır. İranın ölkəmizə quru (hələ ki, quru və dəniz yolundakı narkotrafiki bilirik, amma hava yolu ilə də narkotrafik həyata keçirilir, ya yox, bunu da araşdırmalıyıq – müəl.) və dəniz yolu ilə uzanan narkotrafikinin qarşısı təxirəsalınmadan kəsilməlidir. Əks halda ölkədəki narkotik ticarətinin qarşısını almaq çox çətin olacaq...

Asya ŞÜKÜROVA,

Stopnarkotik.az