İrandakı səfirliyimiz hansı hallarda bərpa oluna bilər? - Nazir açıqladı

"Azərbaycanın İrandakı səfirliyinin bağlanmasının konkret səbəbləri var. Bu, səfirliyimizə olan hücumla bağlı idi. Təhlükəsizlik məsələləri ilə bağlı qiymətləndirmələrimizə əsasən, insanların həyat və təhlükəsizliyi üçün ciddi risk var idi".

Stopnarkotik.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib. Nazir bildirib ki, səfirlik məlum terror hadisəsindən sonra tam şəkildə təxliyə edilib.

Onun sözlərin görə, terror hadisəsindən sonra Azərbaycanın İrandakı səfirliyinin yenidən açılması məsələsinin İran tərəfi ilə müzakirə mövzusu olduğu sirr deyil:

"Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, məlum cinayəti törətmiş şəxs ən sərt formada cəzalandırılmalıdır. Eyni zamanda, Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizliyinə tam zəmanət verilməlidir. İranın hüquq-mühafizə orqanları müəyyən işləri yekunlaşdırıb. İran tərəfindən bizə məhkəmə prosesinin başlanması ilə bağlı tarixlər də verilib. Gözləntilərimiz həmin məhkəmə prosesinin keçirilməsi və onun nəticələri ilə bağlı olacaq. Məhkəmə prosesi və onun nəticələrindən asılı olaraq, növbəti qərar qəbul ediləcək. Qeyd etdiyim məsələlər müsbət həllini taparsa, səfirliyimizin İranda fəaliyyətinin bərpa edilməsi mümkün olacaq".