İranda 4 nəfər "MOSSAD-la əməkdaşlığa" görə edam olundu

İran hakimiyyəti İsraillə əlaqəli təxribat qrupunun on üzvündən dördünə qarşı ölüm hökmünü icra edib.

Stopnarkotik.az “ISNA” agentliyinə istinadən bildirir ki, məlumat Qərbi Azərbaycan əyalətinin məhkəməsinin bəyanatında öz əksini tapıb.

Məlumatda deyilir: “İsrail kəşfiyyat xidməti “Mossad”a xidmət edən İran vətəndaşları müəyyən edilib. Ölkənin təhlükəsizliyini pozmağa cəhd edən sionist rejimlə əlaqəli təxribat qrupunun dörd üzvü bu gün səhər edam edilib”.

Oktyabrın 24-də İranın Qərbi Azərbaycan vilayətinin baş hakimi Nasir Atabati İran kəşfiyyatçılarının 10 nəfərdən ibarət qrupu saxladığını bildirib. Tehranın fikrincə, onların əsas vəzifəsi İran xüsusi xidmət orqanlarının və silahlı qüvvələrinin İsrail istiqamətində fəaliyyət göstərən üzvlərini müəyyən etmək olub. Onların “Mossad” zabitləri ilə birbaşa video əlaqə saxladıqları sübuta yetirilib.