İran parlamenti Beyrutda “Hizbullah” lideri Seyid Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsini müzakirə etmək üçün qapalı iclas keçirib.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, iclasda iranlı qanunvericilər regiondakı son hadisələri müzakirə ediblər. Parlamentin yüksək çinli təmsilçisi Əhməd Naderi “Mehr”-ə deyib ki, “Nəsrullah və bir neçə başqa hərəkat komandirinin öldürülməsi ilə bağlı şəraitin araşdırılması üçün” parlamentin qapalı iclası keçirilib.
O, əlavə edib ki, görüş zamanı deputatlar İsraildən necə qisas almaq barədə təkliflər veriblər. Bu təkliflər İranın Ali Milli Təhlükəsizlik Şurasına təqdim ediləcək. Şənbə günü isə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası Livandakı hadisələrlə bağlı iclas keçirib.