İqbal Ağazadə Cabir İmanovun ölümü ilə bağlı paylaşım edib - “Bu hadisələri xatırlatmaq etik deyil”

Əməkdar artist Cabir İmanov dünən qəflətən dünyasını dəyişəndən sonra sosial şəbəkələrdə Ümid Partiyasının sədri İqbal Ağazadənin bir neçə il əvvəl müsahibələrinin birində dediyi bəzi fikirlər paylaşılır. Həmin müsahibədə partiya sədri Cabir İmanovu 2003-cü ilin oktyabr hadisələri zamanı müxalifətçilərə işgəncə verməkdə ittiham etmişdi.

Stopnarkotik.az xəbər verir ki, İqbal Ağazadə öz sosial şəbəkə səhifəsində paylaşım edərək, C.İmanovun vəfatından sonra bu mövzuya qayıtmağın etik omadığını qeyd edib: “Bu gün Əməkdar artist, ŞHK-nun istedadlı aktyoru Cabir İmanov vaxtsız dünyasını dəyişdi. Cabir İmanovun ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüznlə başsağlığı verirəm, qəbri nurla dolsun, Allah rəhmət etsin.

2018-ci ildə mərhum Cabir İmanov haqqında bir çıxışım var, çox təəssüf ki, o çıxışı bu gün yenidən sosial şəbəkə istifadəçiləri israrla paylaşırlar.

Olanlar acı bir tarixdir, lakin gənc yaşında dünyasını dəyişmiş istedadlı aktyorun ölüm günü belə hadisələri xatırlatmaq, məncə, məqsədəuyğun və etik deyil.

Allah Cabir İmanova rəhmət etsin.”

Qeyd edək ki, əməkdar artist 29 sentyabrda 49 yaşında infarkdan dünyasını dəyişib.