Bu gün saat 4 radələrində Göyçay rayonu ərazisində 1998-ci il təvəllüdlü Hüseyn Feyzullayev öldürülüb. Onun ölümünə görə şübhəli bilinən 2007-ci il təvəllüdlü Səid Bayramlı saxlanılıb.
Stopnarkotik.az modern.az-a istinadən xəbər verir ki, Göyçay rayonunun mərkəzində, “Dörd yol” deyilən ərazidə qeydə alınan hadisə söyüş üstündə baş verib.
Şahidlərin sözlərinə görə, marketin önündə söhbət edən zaman Hüseyn Səidin ünvanına nalayiq ifadələr səsləndirib. Aralarında baş verən mübahisə əlbəyaxa davaya çevrilib. 17 yaşlı yeniyetmə davadan sonra evə qayıdıb və yaşadığı mənzildən gətirdiyi bıçaqla Hüseynə ağır zərbələr endirib.
Əslən Göyçay rayon Çayarxı kəndindən olan Hüseyn Feyzullayev Bakı şəhərində yaşayıb. İki övlad atası olan Hüseyn valideynlərinin hər ikisini illər əvvəl itirib.
O, bir neçə gün əvvəl Bakıdan əmisigilin yaşadığı Çayarxı kəndinə gəlib. Hüseyni öldürməkdə şübhəli bilinən Səid Bayramlı əslən Kəlbəcər rayonundandır.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.