Hərbçini döyərək öldürən şəxslə bağlı YENİ XƏBƏR

Gəncə Ağır Cinatyətlər Məhkəməsi 4 ay əvvəl Ağstafa rayonunda hərbçinin öldürüldüyü hadisə ilə bağlı açılmış cinayət işinə baxılmasına xitam verib.

Məhkəmə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu əsgər Əlizadə Orxan İlham oğlunu döyərək öldürən Saloğlu qəsəbə sakini Bukavadze Baloğlan Abdul oğlunun Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilməsi ilə razılaşmayıb.

Məhkəmədən bildirilib ki, hadisənin xarakteri xuliqanlıq əməlini də ehtiva edir və B.Bukvadze Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq niyyətilə adam öldürmə maddəsi ilə ittiham edilməlidir.

Qeyd edilib ki, 120.1-ci maddə ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən kobud qanun pozuntularına yol verilib. Pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilib və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.

Qeyd edək ki, hadisə 2023-cü ilin sentyabr ayında Ağstafa rayonunun Saloğlu qəsəbəsində baş verib.

Hadisə O.Əlizadənin dostunun sürdüyü avtomobillə Saloğlu qəsəbə sakini Bukavadze Baloğlan Abdul oğlunun idarə etdiyi maşının bir-birinə yol verməməsi səbəbindən baş verib. Belə ki, yolun ensiz olması səbəbindən Ağstafa rayon Düzqışlaq kənd sakini Şamxal Həmidov Baloğlan Bukavadze ilə mübahisə edib.

Mübahisə zəminində B.Bukavadze Şamxalın avtomobilində sərnişin olan və mübahisəyə müdaxilə edən Orxana zərbələr endirərək ölümünə səbəb olub./pravda.az