Əhmədlidəki torpaq sürüşməsinin səbəbi bilindi - YENİLƏNİB

"Xətai rayonu Əhmədli qəsəbəsində baş verən sürüşmə texniki səbəblərdən baş verib".

Stopnarkotik.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ərazidə vaxtilə istehsal müddəti başa çatmış su borusu keçir: “Borunun parçalanması və su buraxması səbəbindən torpağın üst qatında su yığıntıları əmələ gəlib. Alt qat su keçirməyən lay olduğuna görə orada sürüşkənlik əmələ gətirib. Bu, adi sürüşmə prosesidir. Su yığıntları səbəbindən torpağın pillənkənvari hissəsində sürüşmə olub".

Ənvər Əliyev qeyd edib ki, ərazidə daha bir neçə yerdə sürüşmə təhlükəsi yaranıb: “Ərazidə mütləq tez bir zamanda su təsərrüfat sistemi yenilənməlidir və müasir borularla əvəzlənməlidir. Çünki ərazidə boruların axıntısından sınıq yerlər yaranıb. Bu gələcəkdə sözügedən ərazidə sürüşmə təhlükəsi yaradır. Hazırkı sürüşmə yerinin sağ və sol hissələrində biz qırıntılar aşkar etmişik. Gələcəkdə burada daha böyük sürüşmə ola bilər".

***12:05

Xətai rayonunda torpaq sürüşməsi ərazidən keçən magistral su xəttindəki qəza və sızma nəticəsində baş verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, xətdə baş verən sızma nəticəsində torpaq qatı sürüşüb. Artıq problem aradan qaldırılıb, su xətti bərpa olunub. Hazırda ərazidə təmizlik işləri görülür.

ADSEA-dan (  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ) isə bildirilib ki, parkda suvarma üçün istifadə olunan su xətləri Xətai rayon Sukanal İdarəsinə məxsus deyil.

Qeyd edək ki, bu gün Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının ərazisində sürüşmə zamanı torpaq qatı həyətdə park edilmiş avtomobilin üzərinə tökülüb.