Həbsdə olan sabiq icra başçısının müavininin əmlakı ilə bağlı qərar verildi

Kürdəmirin sabiq icra başçısının həbsdə olan birinci müavini Tacəddin Novruzov və İH-nin sabiq şöbə müdiri Natiq Kərimovla bağlı kassasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə hər iki şəxsin əmlaklarına qoyulmuş həbsin götürülməsi ilə bağlı kassasiya şikayətlərini qismən təmin edib. İş apellyasiya instansiya məhkəməsinə göndərilib.

Xatırladaq ki, Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov və digər vəzifəli şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla saxlanılıblar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib.

Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.

Şirvan Apellyasiya Məhkəməsi cinayət işi ilə bağlı birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Məhkəmənin qərarı ilə sabiq icra başçısı Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib.

Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib.