Güləşmək üstündə tanışını bıçaqlayan şəxslə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə tanışını bıçaqlamaqda təqsirləndirilən Nəbi Nəbiyevin (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 1 il 6 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü ləğv olunub və cinayət işi apellyasiya instansiyası məhkəməsinə göndərilib.

İttihama görə, hadisə 14 aprel 2022-ci il tarixdə, saat 19:00 radələrində Bərdə şəhəri, Çay sahili küçəsindən keçən Tərtər çayının hövzəsinin yaxınlığında yerləşən avtomobil duracağında qeydə alınıb.

Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Nəbi Nəbiyevlə tanışı, zərərçəkmiş Samir Quliyev (şərti) atrasında mübahisə düşüb. Mübahisəyə səbəb isə zərərçəkmişin onunla güləşərək zarafat etmək istəməsi olub. Bu zaman o, cibində gəzdirdiyi məlum olmayan deşici-kəsici alətlə zərərçəkmiş şəxsin qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq, Samirə xəsarət yetirib.

Qeyd: Nəbi Nəbiyev əvvəllər oğurluq əməlinə görə məhkumluq həyatı yaşayıb./pravda.az