Göygöldə ərini bıçaqlayan qadına hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Göygöldə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən D.Əliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

Qeyd: Hadisə bu ilin mart ayının 28-i saat 20 radələrində Göygöl şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü D.Əliyeva əri, 1991-ci il təvəllüdlü E.Süleymanov ilə yaşadıqları evdə qısqanclıq zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı qadın mətbəx bıçağı ilə E.Süleymanovun qarın nahiyəsinə bir zərbə vurub. Nəticədə kişi bədən xəsarəti alıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə istintaqı zamanı D.Əliyeva elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əri ilə münasibətləri normal olsa da, bir neçə aydır aralarında E.Süleymanovun ona xəyanət etməsi səbəbindən mübahisələri olub. D.Əliyeva kişinin tanımadığı qadınla münasibəti olduğunu hadisədən bir neçə gün əvvəl həyat yoldaşının telefonunda olan şəkildən bilib. Qadın deyib ki, həmin vaxt da əri onu şillə ilə sağ gözündən və bədəninin müxtəlif nahiyəsindən vurmaqla döyüb. Hadisə günü yaşadığı evin mətbəx otağında qayınatası və əri masada əyləşdiyi vaxtı eyni məsələ ilə bağlı yenidən E.Süleymanovla aralarında mübahisə yaranıb. Bu zaman qayınatası azyaşlı nəvəsini götürərək evdən bayıra çıxıb. Daha sonra əri qadını döyüb, hətta çörək qabı ilə başından vurub. D.Əliyeva da əsəbiləşdiyi üçün mətbəxdə olan bıçağı götürərək bir dəfə E.Süleymanovun qarın nahiyəsinə zərbə endirib. Xəsarət aldıqdan sonra əri onu buraxaraq kənara çəkilib və evdən çıxaraq həyətdə atasını səsləyib. E.Süleymanovun atası oğlunu xəstəxanaya aparıb. Bir qədər sonra polis əməkdaşları yaşadıqları ünvana gələrək baş vermiş hadisə ilə bağlı ondan izahat alıb. İstintaq dövründə D.Əliyevanın barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib./pravda.az