Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Stopnarkotik.az-a bildirib ki, avtomobilin üzərinə ağac düşməsi nəticəsində ölən şəxs kimi təqdim edilən rayon sakini, 1959-cu il təvəllüdlü F. Abdullayev ürəktutmadan dünyasını dəyişib. Rayonun Mırtı kənd sakini olan bir nəfər üzərinə ağac budağı aşması, Qarabaqqal kəndində bir nəfər isə evin uçması nəticəsində xəsarət alıblar.
*** 21:32
Göyçayda güclü külək və qasırğa ölümə səbəb olub.
Stopnarkotik.az xəbər verir ki, ilkin məlumatlara əsasən, rayonun Mırtı, Qarabaqqal kəndlərində külək nəticəsində yaralananlar olub, iki nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib. Həyatını itirən şəxslərdən biri maşında olan zaman üzərinə ağac aşıb, digəri isə uçmuş evin altında qalıb. Daha bir nəfər isə maşında ürəktutmasından dünyasını dəyişib.
*** 19:21
Göyçayda hazırda şiddətli hava şəraiti qeydə alınır.
Stopnarkotik.az xəbər verir ki, hazırda rayonda güclü küləklə yağış müşahidə olunur. Qasırğa və yağış rayonda insanların hərəkətində ciddi problem yaradıb. Güclü külək və leysan xarakterli yağışlar nəticəsində rayonda bəzi evlərin dam örtüyü, ağaclar aşıb, maşınlar aşan ağacların altında qalıb. İlkin məlumata görə rayonun infrastrukturuna ciddi ziyan dəyib.
İlkin məlumatlara görə bəzi ticarət obyektləri və iş yerlərində yağışın şiddətli olması səbəbindən obyektləri su basıb.
*** 18:59
Göyçayda qadının üzərinə ağac aşıb.
Stopnarkotik.az xəbər verir ki, ilkin məlumatlara əsasən hadisə rayonun Mırtı kəndində qeydə alınıb. Hadisə nəticəsində kənd sakini Aygül Əliyeva xəsarət alıb. Hazırda Göyçay təcili tibbi yardım xidmətinin əməkdaşları ərazidədir.