Bakı Ağır Cinayətlər Məhkəməsində 20 yaşlı Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırmaları keçirilir.
Fidan Əliyeva Ermənistana casusluqda, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşı vasitəsilə Azərbaycan haqda məlumatlar ötürməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Fidan Əliyevanı bir neçə ay öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 2022-ci il dekabrın 12-dən başlanan və 138 gün davam edən etiraz aksiyasının iştirakçıları arasında Fidan Əliyeva da olub.
Onun Telegram platforması üzərindən tanış olduğu Ermənistan xüsusi xidmət orqanı əməkdaşına məlumatlar, video və fotoşəkillər göndərdiyi iddia edilir. Görüntülərin bir hissəsinin Bakının müxtəlif yerlərindən olduğu bildirilir.
Məhkəmədə ifadə verən Fidan Əliyeva özünü təqsirli bilməyib. Deyib ki, Ermənistana casusluq etməsi haqda ittiham həqiqətə uyğun deyil.
Çünki Telegram-da tanış olduğu adamı rus zənn edib. Onun sözlərinə görə, həmin şəxslə də məlumat ötürmək üçün yox, şəxsi məqsədlə tanış olub: “Əvvəl heç onun erməni olduğunu bilməmişəm. Məqsədim adi insan kimi tanışlıq olub. Başqa məqsədim – Azərbaycan barədə məlumat vermək niyyətim olmayıb”.
Foto-video məsələsinə gəlincə, Fidan Əliyeva bildirib ki, qarşı tərəf ondan bəzən müəyyən yerlərdə görüntülərini çəkib göndərməsini istəyirdi, o da göndərirdi. Fidan Əliyevanın işi üzrə məhkəmə araşdırmaları davam edir.
Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna ekofəal vətəndaşlar aksiya keçirib. 138 gün davam edən aksiyanın iştirakçıları Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər./musavat.com