Emin Ağalarov rus müğənnilərin adını SİYAHIDAN ÇIXARDI - YENİLƏNİB / FOTO

Xəbər verdiyimiz kimi, 23-26 iyulda keçiriləcək “Dream Fest”də konserti planlaşdırılan rus sənətçilər siyahıdan çıxarılıb.

Siyahıda məşhur simalar yer alır. 

Belə ki, səhnə alması planlaşdırılan Ani Lorak, Timati, Alsu, Yeqor Krid, Artık Asti, İrina Dubtsova, Klava Koka, Mona və İvka kimi ulduzlar festivaldan kənarlaşdırılıb.

Onlarla bağlı paylaşımlar “Dream Fest”in sosial media hesablarından silinib.

Həmçinin, qırmızı xalı aparıcılarından Regina Todorenko da siyahıdan çıxarılıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin qərarına əsasən, Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilib. 

**

*** 17:58

"DREAM FEST 2025" beynəlxalq musiqi festivalı iyulun 23-dən 26-dək yenilənmiş proqramla keçiriləcək.

Stopnarkotik.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Xalq artisti Emin Ağalarov "Instagram" səhifəsində məlumat verib.

"Azərbaycan Mədəniyyət Nazirliyinin 29 iyun tarixli məlumatı ilə əlaqədar tədbirin proqramında dəyişikliklər planlaşdırılır. Birinci və üçüncü günlərin işitirakçıları dəyişməz qalacaq, ikinci və dördüncü günlərdə isə təşkilatçılar yeni adlar təqdim edəcəklər" , - deyə o bildirib.

Ağalarov əlavə edib ki, lazım olarsa, biletlərin dəyişdirilməsi və qaytarılması bilet operatorlarının qaydalarına uyğun şəkildə mümkün olacaq.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyi ölkədə Rusiya ilə bağlı mədəni tədbirlərin ləğvi ilə bağlı bəyanat yayıb.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərinə basqın keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb. Daha bir neçə nəfər saxlanılıb.