Əməkdar artist Elza Seyidcahan və daha 30 nəfərin qızıllarını mənimsəməkdə təqsirləndirilən Lombard sahibi Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Stopnarkotik.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttihama görə, təqsirləndirilən şəxslər öncə tanışlarının adına saxta sənəd hazırlayaraq pul müqabilində onlardan qızıl alıb.
Həmçinin onlar investor cəlb etmək məqsədi ilə saxta sənədlər hazırlayıb, öz məqsədi üçün istifadə edib və bu yollarla vətəndaşları aldadıb. Vətəndaşlar pulu qaytarsalar da, verdikləri qızılı geri ala bilməyiblər. İş üzrə 31 vətəndaş zərərçəkmiş şəxs qismində tanınıb.
Vətəndaşlara ümumilikdə dəymiş ziyanın məbləği bir milyon manata yaxındır.
İttiham aktına münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyib.
Məhkəmədə zərərçəkmiş Elza Seyidcahan ifadə verib. Bildirib ki, bəzi problemlərinə görə lombarda müraciət edib və onu ora anası aparıb: “Anam əvvəllər də lombarddan kredit götürüb. Bəzi problemlərimiz vardı. Biz bununla bağlı televizaya da müraciət etmişdik. Anamın, özümün, rəfiqəmin qızıllarını lombarda qoyduq, 8500 manat pul götürdük. Sonra pulları ödədik.
Rəfiqəmin qızıllarını qaytamalı idim. Lombarddan mənə dedilər ki, qızıllar bir həftə sonra veriləcək. Bir həftə 3 ayı keçdi. Mən də məcbur qaldım polisə müraciət etdim. Gördüm, tək zərərçəkən mən deyiləm".
Əməkdar artist bildirib ki, dəymiş ziyan ona ödənilməyib: "Lombardın bütün işçilərindən şikayətçiyəm. Anam da zərərçəkəndir".
Növbəti proses noyabrın 3-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən Xəyal Abdullayev Cinayət Məcəlləsinin 178.4-cü dələduzluq, xüsusilə külli-miqdarda törədildiksə) 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), Fərid Abuzərli isə 179.3,2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.