DYP-dən heyvan sahibləri və sürücülərə XƏBƏRDARLIQ

"Bir neçə gün əvvəl sosial mediada nəzarətsiz qalan atın yolun hərəkət hissəsinə çıxması nəticəsində baş verən qəza ilə bağlı videogörüntülər yayımlandı. Xoşbəxtlikdən, həmin qəza maddi zərərlə ötüşsə də, təəssüf ki, cari ilin yeddi ayı ərzində sahibsiz heyvanların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində dörd nəfər həyatını itirib, iki nəfər isə xəsarət alıb".

Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

"Xatırladırıq ki, qanunvericilikdə mal-qaranın yolda nəzarətsiz qoyulmasına, asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, mal-qaranı və at arabasını sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə məsuliyyət nəzərdə tutulub və belə qəzalar zamanı mal-qara sahiblərinin məsuliyyətdən kənarda qalmaması üçün kəsərli tədbirlər görülür.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində sahibsiz ev və ya vəhşi heyvanın vurulması hallarının aktual olduğunu nəzərə alaraq, sürücüləri də hərəkət zamanı diqqətli və baş verə biləcək qəfil hadisələrə qarşı hazırlıqlı olmağa çağırır", - məlumatda deyilir.