“Dövlət Komissiyasının işindən küçələrdəki, tinlərdəki narkomanların xəbəri yoxdur” – NARKOEKSPERT EMİL MAQALOV

“Bu gün ölkəmizdə narkoloq çatışmazlığı böyük problemdir”

“Biz daha 7 il gözləyə bilmərik, bu layihəyə təkan versək 20 faiz də olsa, kimlərəsə köməklik etmiş olarıq”

Azərbaycan narkomaniya ilə dövlət səviyyəsində mübarizə aparır. Bu mübarizə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birbaşa vəzifəsidir. Amma bu qurum görülən işlər çərçivəsində narkomaniyanın qarşısını almağa nail olubmu? Nail olubsa, narkomaniya niyə ilbəil artır?

Görünür, qurumun strukturunda, yaxud iş metodlarında müəyyən dəyişikliklər, yeniliklər qaçılmazdır. Çünki gözlə görünən effekt yox deyilsə də, yox kimidir. Fikrimizcə, ya Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası effektiv mübarizə üçün öz strukturunda, çalışma metodlarında bəzi dəyişikliklərə getməlidir, ya da bu qurumla yanaşı, mübarizənin mexanizmi dəyişməlidir. Yəni bu sahədəki formal çalışmalar praktik müstəviyə keçirməli, fəaliyyət sferası cəmiyyətin bütün təbəqələrinə yayılmalı, effekt toplumda daha qabarıq, bariz şəkildə görülməlidir.

Maraqlıdır, bu haqda ekspertlər nə düşünür. Bu və digər suallara aydınlıq gətirmək üçün narkoekspert Emil Maqalovla söhbətləşdik.

- Narkomaniya ilə mübarizədə dövlət proqramı çərçivəsində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası fəaliyyət göstərir və bu mübarizə komissiyanın birbaşa vəzifəsidir. Siz bu qurumun fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

- Mən iki il öncə AzTV-də canlı yayımda bu barədə danışmışam. Proqram vaxtı studiyaya zəng gəldi ki, mənim oğlum xəstədir, onlar tövsiyyə etdilər ki, 802 xidmətinə zəng etsin. Mən isə dedim ki, 802 o narkomana heç bir kömək etmir axı. O komissiyanın əlindəki resurslar elə ümumən Azərbaycanda olan resurslardır. Bizim əlimizdə nə varsa, həmin komissiyanın da əlində o resurslar var. Komissiyanın işi tövsiyyələr, məsləhətlər vermək, yaxud hər hansı bir narkosidpanserə yönəltməkdir. Komissiya hər adama o şəraiti yarada bilmədiyindən, hamını reabilitasiya mərkəzinə yönəldə bilməz. Çünki bunun üçün resursu, maliyyəsi yoxdur. Buna görə komissiya narkotik aludəçisini narkodispanserə yönəldir. Narkodispanserdəki detoksdan sonra narkoaludəçiyə mütləq şəkildə psixoloji reabilitasiya lazımdır. Bu da komissiyanın imkanları daxilində deyil və detoksdan çıxanların demək olar ki, 70 faizi yenidən narkotiklərə qayıdır. Yəni həmin 802-nin hər dəfə yox, imkan daxilində yönəldə biləcəyi narkodispanserlərə “lomka”dan çıxmağa gedənlərin 70 faizi orada 10-15 dəfə müalicə alıb, yenidən başlayan narkomanlardır. Uzun sözün qısası, bu gün bizim əlimizdə nə varsa, 802-nin də əlində o var. Sadəcə orada bir balaca digər psixoloji məsləhətlər, yönəltmələr var.

- Deyirsiniz ki, həmin komissiyaya maliyyə ayrılmır, amma Prezident tez-tez bu komissiyanın tərkibinə dəyişikliklər edir və səhv etmiriksə, yetərli səviyyədə də büdcə ayrılıb…

- Büdcə reabilitasiya mərkəzləri üçün ayrılmayıb ki. Büdcə onların əməkhaqqısı və müəyyən işləri görməsi üçün ayrılıb. Komissiyanın işinin qənaətbəxş olması üçün onların özlərinin reabilitasiya mərkəzi olmalıdır. Bir də onların dövlətə, hökumətə lazım olan adamları cəmiyyətin içindən seçmələri yaxşı olardı. Amma bu da böyük maliyyə tələb edir. Bu hələ ki, onların proqramında yoxdur. Hazırda bizim öndəki problemimiz reabilitasiyadır. 

- Sizcə, Komissiya fəaliyyət mexanizmini daha effektiv etmək üçün hansı yeni üsullar, innovativ metodlar tətbiq etməlidir? Yəni Komissiyanın işində hansı dəyişikliklər olmalıdır?

- Əgər imkan və maliyyə resursu varsa, onlar heç olmasa hər bölgədə bir reabilitasiya mərkəzi açmaqla cəmiyyətə, dövlətə lazım olan yolunu azmış insanları yenidən həyata qaytarmaq üçün fəaliyyət göstərsələr, daha uyğun olar…

- Amma dövlət dispanserlərinin təchizat səviyyəsini qaldırmaq və Komissiya ilə koordinasiyalı fəaliyyətini də təmin etmək olar.

- Bu mümkünsüzdür. Niyə? Çünki, tutaq ki, bizim bu gün 50 milyon manat vəsaitimiz var, həmin vəsaitə indi çalışan 6 narkodispanserə əlavə olaraq 4 narkodispanser də tikdik. Bu 5 ilə tikildi. Bunu gözləməyə vaxtımız yoxdur.

İkincisi, yeni tikiləcək narkodispanserin hərəsinə minimum 20-30 narkoloq lazımdır. Bu gün ölkəmizdə narkoloq çatışmazlığı böyük problemdir. Bütün narkoloqların 50 faizi öz ixtisaslarını dəyişib, çünki o çətin və maliyyəsiz sahədir. Ona görə mən də, deputat cənab Fazil Mustafa da bu haqda danışırıq ki, onları stuimullaşdırmaq və əməkhaqqına baxmaq lazımdır. Dediyim kimi, tutaq ki, 5 ilə bu narkodispanserlər tikildi, təzədən narkoloq-həkimlər axtardıq, həkimlər qayıtdı. Bu olacaq 7 il. Biz bu 7 ili gözləyə bilmərik. Bu gün hal-hazırda əlimizdə olan resurs, keçən dəfə qeyd etdiyim kimi, “Qlobal Fond”un və Səhiyyə Nazirliyinin “Zərərin azaldılması” layihəsidir. Hansı ki, orada autriclər var və onlar çöldəki narkomanların yığıldığı təhlükəli yerlərdə “tay-taya” prinsipi ilə narkomanlarla görüşür və onların problemini çözməyə çalışır, onları pulsuz-təmənnasız narkoloqa, hüquqşünasa, psixoloqa yönəldir. Bu layihə var, sadəcə hal-hazırda laxlayır. Bu layihəyə təkan versək 20 faiz də olsa, kimlərəsə köməklik etmiş olarıq. Amma bu gün, dediyim kimi, yeni narkodispanser tikməyə və təchizata 50 milyon pul lazımdır.

- Bəli, sizinlə ötən müsahibəmizdə bunları qeyd etmisiniz. Amma məsələnin canı odur ki, Komissiya bu işin harasında durmalıdır?! Çünki narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, adından da göründüyü kimi, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının birbaşa funksiyasıdır…

- Komissiya bu gün əlindəki imkanlardan normal istifadə edir. Nə tapşırılırsa, onu edə bilir. Amma bütün zəng edənlərin 60-70 faizi müalicə istəyir, kömək istəyir. Komissiyanın da bunu etməyə imkanı yoxdur. Qurum ancaq narkodispanserlərə yönəldə bilər. Orada da 10-15 dəfə müalicə alıb, yenə narkotiklərə geri qayıdırlar.

- Onda bu qurumun fəaliyyəti formal xarakter daşıyır?

- Onu deməzdim. Komissiyada çalışanlar həqiqətən bu işin nəzəriyyəsini çox gözəl bilirlər. Sadəcə, dövlət resursları daha da artırmalıdır. Bu işdə çalışanların əməkhaqqısı qalxmalıdır, heç olmasa 3-4 min manat olmalıdır ki, həmin insanlar özündə məsuliyyət hiss etsin, işinə can yandırsın. Yenə qeyd edirəm, Komissiyada çalışanlar nəzəriyyəni super bilirlər, hələ mən də onlardan bəzi nüanslar öyrəndim. Həqiqətən işləyirlər.

- Bəs, nəzəriyyə praktikada, real həyatda özünü doğruldurmu?

- Praktika onlarlıq deyil. Praktikada onlar çıxıb çöllərdə, tinlərdə narkomanlarla işləmirlər, bunu bilmirlər, bu müstəvidə işləyə bilməzlər.

- Emil bəy, siz narkomaniya sahəsində peşəkar ekspertsiniz. Necə düşünürsünüz, birbaşa narkomaniya sahəsində ixtisaslaşmış QHT-lərlə Komissiya arasında koordinasiyalı çalışma olmalıdırmı? Bu necə effekt verər?

- Bilirsiniz, problem bu gün haradadır? Problem sınıq-sökük yerlərdə, tində, təhlükəli saydığımız yerlərdədir. Mən oturub TV-də, yaxud sosial şəbəkələrdə danışıramsa, o narkomanların onsuz da nə televizoru, nə telefonu var, nə də sosial şəbəkəyə girirlər. Yaxud mən hansısa tədbir keçirirəmsə, onu ictimaiyyətə çatdırıramsa, onu normal adamlar izləyəcək. Mən bunu həmin narkotik aludəçisi kütlənin özünə, yəni tinlərdə, gözdən uzaq yerlərdə gizlənmiş, hamıdan qorxub qaçan, özünü itirmiş xəstəyə çatdıra bilmirəm. Ona görə də məhz həmin QHT-lərin, “Zərərin azaldılması” proqramının adını çəkirəm ki, o proqram çərçivəsində autriclər var, hansı ki, onların bəziləri keçmiş narkomanlar olur, bəziləri bariqalar olub, həbsdən çıxıb, islah olunub və indi cəmiyyətə kömək etmək istəyir. Autriclərin bəziləri isə idmançılar, cəmiyyət içində hörmətli adamlardır ki, narkotik aludəçilərinə çıxışları var, onun sözünə qulaq asırlar. Bu səbəbdən, onlar da çalışırlar narkotik aludəçilərinə kömək etsinlər. Məsələn, biz Sumqayıtda hər mikrorayona bir nəfər hörmətli adam təyin edirik ki, o adamın narkomanlarla əlaqə qurmaq imkanı olur, çalışır ki, aludəçiləri fikrindən döndərsin, düz yola gətirsin. Təhlükə 10 faiz də olsa azalır, sözə baxırlar.

- İşin bu qismi aydındır. Bəs, Dövlət Komisisyası ilə ixtisaslaşmış QHT-lər arasında peşəkar əməkdaşlıq olarsa, vəziyyət necə dəyişər?

- Mənə də indiyədək maraqlıdır ki, onlar niyə bir yerdə işləmirlər. Əlbəttə, işin effekti daha çox artar. Məsələn, digər nazirliklər kimi, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyası da qrant müsabiqəsi elan edər, öz şərtlərini qoyar, bu işi bacaranlar da proqram çərçivəsində işə cəlb olunar. Lap tender də ola bilər. Komissiya tender keçirə bilər, işi bacaranlara həvalə edər, iş daha da effektiv olar. Komissiyanın işini mən bilirəm, siz bilirsiniz, amma çöllərdə, küçələrdə, tinlərdəki narkomanların ondan xəbəri yoxdur.

- Bu yolla Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının işi nəzəriyyədən çıxıb, praktikaya tətbiq edilə bilər?

- Mütləq.

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az