Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə məhkəmənin əmlaklarının müsadirə edilməsi barədə qərarından kassasiya şikayəti verib.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hazırda şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılır.
Şikayət ərizəsində Rəşad Məlikzadənin ziyanın bir qismini ödədiyi, buna baxmayaraq, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edildiyi qeyd olunub. Müdafiə tərəfi müsadirənin düzgün aparılmadığını əsas gətirərək kassasiya şikayəti verib.
Qeyd: Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Rəşad Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.
Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin etməyib.
Təqsirləndirilən Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Rəşad Məlikzadə 9 369 411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848 000 manatını dövlət büdcəsinə ödəyib.