Ədliyyə Nazirliyinin mətbuat xidməti mətbuatın suallarını cavabsız qoymaq üçün mövcuddur? – YARIM AYLIQ SUSQUNLUQ...

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti son zamanlar özünün bütün neqativ çalarları ilə istər mediada, istər də sosial şəbəkələrdə tez-tez gündəmə gəlməkdədir.

Məsələn, bir neçə ay əvvəl qalmaqallı seks fantaziyaları ilə ölkə gündəminə damğasını vurmuş Xidmət əməkdaşından tutmuş, Azərbaycanda tüğyan edən narkomaniya bəlasının zəncirvari halqaları rolunu oynayan 200 iranlı narkotacirin qarşılıqsız olaraq qaytarılması, son olaraq isə həbsdə olan jurnalist Azər İsrafilovun damarlarını kəsərək özünə xəsarət yetirməsi dediklərimizi təsdiq edə bilər.

Əlbəttə, dövlətin struktur iyerarxiyasında mühüm yer tutan, insan həyatının dolayısı ilə onun çxardığı qərardan asılı olduğu bir qurumda belə vəziyyətin olması ilk öncə ölkəmizin nüfuzuna xələl gətirir. 200 iranlı narkotacirin hansı məqsədlə açılıb-buraxılması, həm də İranın nakotacir qismində ölkəmizə yolladığı şəxslərin birbaşa narkoşəbəkə quraraq Azərbaycana qarşı elan olunmamış, səssiz “narkotik müharibəsi” apardığı bir vaxtda Penitensiar Xidmətin hansı məqsədlə bu “humanist” addımə atması, təbii ki, sual doğurur. Lakin biz bu məqama əvvəlki yazımızda toxunduğumuz üçün yenidən bu mövzuya qayıtmırıq.

Penitensiar Xidmətin fəaliyyətinin digər neqativ çalarlarını Azər İsrafilov dilə gətirdi. Əlbəttə, peşə fəaliyyətindən əvvəl, hər kəs bu dövlətin vətəndaşıdır və xüsusilə də məhbus həyatı yaşayan insanlara qarşı daha həssas yanaşılmalıdır. Konkret olaraq İsrafilovun Hepatit xəstəsi olaraq vəziyyətinin ağırlaşmasına və digər şikayətlərinə gəlincə, şübhəsiz, digər məhbuslar kimi, ona qarşı da ədalət kriteriyalarına uyğun davranılmalıdır.

Bu məqamlar öz yerində. Amma onu da qeyd etmək lazımdır ki, Ədliyyə Nazirliyinin mətbuat xidməti öz fəaliyyətsizliyi ilə bu kimi problemlərin daha da dərinləşməsinə və toplumda böyük şayiələrə yol açılmasına rəvac verir. Bununla, ən azı öz təcrübəmizdə qarşılaşmışıq...

Xatırlayırsınızsa, bir neçə həftə əvvəl deputat Fazil Mustafa Milli Məclisdə narkomaniyaya qarşı yeni proqramın hazırlanması zərurətini dilə gətirmişdi. Bundan əlavə, deputat min yataq yeri olan həbsxanalarda 2 min nəfər saxlanıldığını, hazırda cəza şəkən məhkumların böyük əksəriyyətinin narkotik cinayəti üzrə tutulanlar olduğunu, onların həbsaxanada da böyük problemlər yaratdığını ifadə etmişdi.

Biz də, Stopnarkotik.az saytı olaraq deputatın səsləndirdiyi fikirlərə Ədliyyə Nazirliyinin mətbuat xidmətinin münasibətini öyrənmək istədik. Bu səbəbdən də, 2023-cü il iyunun 1-i tarixində nazirliyə “vur-tut cəmi 3 sual” ünvanladıq. Mətbuat xidmətindən iyunun 5-də suallarımızı cavablandıracaqlarını bildirsələr də, “vədə xilaf çıxdılar”.

Şübhəsiz ki, bu xidmətin hər bir əməkdaşı həm də jurnalistlərin suallarına cavab vermək üçün maaş aldıqlarını çox yaxşı bilir. Əgər suallar ictimai maraq kəsb edən mövzudursa, jurnalist istədiyi sualı istədiyi şəxsə ünvanlaya bilər. Əlbəttə, sualın etika çərçivəsində verilməsi də şərtdir ki, fikrimizcə, bizim suallarda bu şərt pozulmayıb.

Belə olduğu halda, Ədliyyə Nazirliyi mətbuat xidmətinin yarım aylıq susqunluğunu başa düşmək olmur. Yoxsa, bu qurum mətbuatın suallarını cavablandırmaq yox, cavabsız qoymaq üçün mövcuddur?!

Stopnarkotik.az