200 NARKOTACİRİN ƏVƏZİNƏ 2 MƏHBUS TƏLƏB EDƏ BİLMƏZDİK? – Bu məhbusların İrana qarşılıqsız ekstradisiya olunmasında kimlərin marağı var?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin həbsxanalarında cəza çəkən 200 nəfər iranlı məhbusun ekstradisiyasına hazırlıq gedir. Stopnarkotik.az-a daxil olan məlumata əsasən, həmin məhbusların İrana ekstradisiya olunması ilə bağlı Penitensiar Xidmət tərəfindən məhkəməyə müraciət olunub. Yaxın günlərdə hər bir məhkumla bağlı ayrı-ayrılıqda qərar çıxarılacağı gözlənilir.

Əlbəttə, Pentensiar Xidmətin bu addımını müxtəlif baxış bucağından şərh etmək olar. Məsələn, məlum ekstradisiya prosesinə müsbət yanaşmaq olar ki, 200 nəfər iranlı məhbusu niyə boş-boşuna yedirtməliyik?! Lakin nəzərə alsaq ki, bu məhbuslar məhz narkotik qaçaqlmalçılığı ilə bağlı həbs olunublar və molla rejimi son vaxtlar ölkəmizi narkotiklə təhdid edir, deməli, məsələyə fərqli kontekslərdən yanaşmaq lazımdır...

Məsələn, son zamanlar həbsxanalarda narkotik dövriyyəsinin genişləndiyi barədə iddialar səsləndirilir. “Od olmayan yerdən tüstü çıxmır” məsəlini həqiqət kimi qəbul etsək, o zaman bu iddiaları kənara atmaq olmaz. Əksinə, şübhə yoxdur ki, işin narkotik tədarükü qismini iranlı narkotacirlər “düz-qoş” ediblər.

Həbsxana narkotrafikinin “yağ kimi” getməsi isə onu deməyə əsas verir ki, bu işin güclü himayədarları var. Xüsusilə “qanunun aliliyinin cövlan etdiyi”, “məhkumların islah olunmaq üçün illərini keçirdikləri” cəzaçəkmə müəssisələrində, yəni “quşun belə uça bilmədiyi” sferada yüksək rütbəli himayədarın çətiri olmadan narkotik dövriyyəsi həyata keçirmək mümkün deyil.

Əlbəttə, belə bir mühitdə İrana təhvil verilməsi nəzərdə tutulan məhbusların islah olunmasından söhbət gedə bilməz. Çünki onlar islah olunsaydılar, narkoticarət həbsxanalara “ayaq açmazdı”.

Bundan başqa, həmin məhkumlar arasında potensial casusların olacağı da istisna deyil. Son dönəmdə keçmiş məhbusların taksi sürücüsü kimi maskalanaraq “narkopoçtalyon” rolunu oynadıqlarını gördük. İran üçün narkotacirlə casus anlayşı arasında elə bir uçurum yoxdur. Çünki İran dövlətçiliyinin elitası SEPAH-la çox doğmadır. O SEPAH ki, onun narkotik alveri sərhədləri çoxdan aşıb, hətta okeanı keçərək Cənubi Amerika ölkələrini belə fəth edib.

Gələk ekstradisiyadan sonrakı mərhələyə. Qeyd etdiyimiz kimi, son dövrlər İrandakı molla rejiminin Azərbaycan dövlətini narkotiklə təhdid etdiyini nəzərə alsaq, haqqında söhbət gedən narkotacirlərin ekstradisiyadan dərhal sonra azadlığa qovuşacaqları şübhəsizdir. Ən azı ona görə ki, Tehran ölkəmizə qarşı “narkogenosidi” onların əliylə həyata keçirir. Şübhəsiz ki, molla rejimi yenidən həmin şəxslərdən istifadə edəcək və 200 narkotacirin eyni vaxtda azadlığa qovuşması ölkəmiz üçün yeni problemlərə gətirib çıxaracaq.

Üstəlik, bu narkotacirlərin bizim cəzaçəkmə müəssisələrində, eləcə də həbsxanalardan kənarda satış işini həyata keçirən böyük şəbəkə qurduqları da istisna deyil. Bəs, ölkəmizdə narkotik şəbəkəsi qurmuş, lazımi adamları bu zəncirvari sistemə daxil etmiş, necə deyərlər, “artıq işin çəmini tapmış” narkotacirləri açıb buraxmaqda məqsəd nədir?

Təbii ki, həmin məhbusların adları ölkəmizdə “qara siyahı”ya düşdüyündən, onların tez bir zamanda Azərbaycandakı işlərinin başına keçəcəkləri istisnadır. Bu baxımdan, çox güman ki, onlar İrana qayıtdıqdan sonra öz yerlərinə yenilərini təlimatlandırıb göndərəcəklər. Belə desək, köhnələr artıq sistemi qurublar, işi yenilərə həvalə etmək heç də çətin olmayacaq. Necə də olsa yenilərin tərcümeyi-halı bir müddət təmiz olacaq.

Məsələnin digər tərəfi odur ki, həmin məhkumların qarşılıqsız olaraq ekstradisiya edilməsindən söhbət gedir. Yəni 200 məhkumun qarşılığında İranda həbsdə olan bircə nəfər azərbaycanlı məhbusun belə, azadlığı tələb olunmur. Həm də elə bir məqamda ki, iki vətəndaşımız - Fərid Səfərli və Validə Yusifova hazırda İranda “əsirlikdə”dirlər. Belə bir sual doğur: iki vətəndaşımızın (məlum olan budur) İran girovluğunda olduğu vaxtda Pentensiar Xidmət hansı haqla 200 narkotaciri qarşılıqsız olaraq qaytarmaq niyyətindədir? Eynilə, məhkəmə hansı haqla dövlətlə xalqın “başının üstündən adlayaraq” xalqın övladlarını zəlil günə salmış İranlı narkotacirləri “zəncirdən açıb buraxmaq” qərarında özünü “külli ixtiyar” sahibi hesab edir? Bu, dövlətə və xalqa xəyanət deyilmi?    

Digər tərəfdən, iranlı məhkumların azadlığa qovuşmasında hansı məmurlar maraqlıdır və onlar nəyin əvəzində bu addımı atırlar? İran tərəfi ilə “razılaşma”nı aparan kimlərdir və razılaşmanın şərtləri nədir?

Şübhəsiz ki, Pentensiar Xidmət rəhbərliyi öz təşəbbüsü ilə bu tipli addımı atmaq gücündə deyil. Demək, bu xidmətüstü bir qərardır və ortada kimlərinsə şəxsi maraqları var. Çünki əks halda biz 200 narkotacirin əvəzinə, İranda günahsız yerə həbsdə yatan vətəndaşlarımızın buraxılmasını tələb edə bilərdik.

Stopnarkotik.az