Bu tarixdən Bakı boşalacaq – Qorxunc tıxaclar aradan qalxır

Mayın sonu, iyun ayının əvvəllərindən etibarən məktəb və univeristetlərdə tədris dövrü başa çatır. Bu müddətdən etibarən rayonlardan və digər şəhərlərdən paytaxta üz tutan tələbələrin geri qayıtması müşahidə olunur. Sözügedən proses paytaxtda istər ictimai, istərsə də fərdi nəqliyyatda intensiv tıxacların və sıxlığın müəyyən dərəcədə azalmasına səbəb olur. Digər tərəfdən, bir çox iş yerlərində illik ənənəvi məzuniyyətlər də məhz yay dövründə istifadə edilir. Bu isə öz növbəsində, şəhərdə ümumi sıxlığın azalması ilə nəticələnir. 

Görəsən, həqiqətən tələbələrin və məzuniyyətə çıxmış vətəndaşların paytaxtdan kənara üz tutmasının nəqliyyat sıxlığına ciddi təsirləri varmı? 

Stopnarkotik.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, yay aylarında adətən paytaxtın mərkəz hissəsində boşalmalar müşahidə olunur:

“Ümumiyyətlə fəsillərə görə bu məsələdə dəyişkənlik müşahidə olunur. Nəqliyyat və tıxaclarla bağlı yay aylarında adətən şəhərin mərkəzi hissəsində boşalmalar özünü göstərir. Demək olar ki, günün ikinci hissəsində, saat 3-4-dən sonra nəqliyyatın sıxlığı daha çox Bakı kəndlərinə doğru istiqamətlərdə müşahidə olunur. Çünki insanlar daha çox bağlarda yaşamağa üstünlük verirlər. Buna görə də paytaxtın mərkəz hissəsində nəqliyyat yükünün nisbətən azalması müşahidə olunur”. 

Ekspert tələbə və şagirdlərin ümumi sıxlığa ciddi dərəcədə olmasa da, müəyyən qədər təsir etdiyini vurğulayıb:

“Eyni zamanda, məktəb və universitetlərdə tədrisin bitməsinin də təsiri var. Təbii ki, şagird və tələbələrin daşınması zamanı nəqliyyata yetərincə yük düşür. Lakin tələbələrin əksər hissəsi tətil dövründə Bakıda qalıb işləməyə daha çox təşəbbüs göstərir. Qız tələbələr isə əksəriyyət olaraq öz rayonlarına qayıdır. Tələbələrin və şagirdlərin azalması əslində nəqliyyat sıxlığından çox sərnişin sıxlığının azalmasına təsir göstərir. Amma ümumi götürsək, bu çox böyük gözlənti deyil. Nəqliyyatda yüngülləşmə təxminən 15-20 faiz nisbətində özünü göstərəcək. Hər halda az da olsa nəqliyyat sıxlığının və tıxacların azalmasına faktor olaraq təsir edəcək. Digər tərəfdən yayda məzuniyyətlərdən istifadənin artması da nisbətən öz təsirini göstərəcək”.