Qarşıdan qış gəlir. Qış mövsümündə qazla təchizat məsələsi Avropa üçün xüsusi aktuallaşır. Avropa rus qazından asılılığını Azərbaycandan qaz almaqla kompensasiya etməyə məcbur qaldı və yaranmış şərtlər onu şaxələndirilmiş qaz tranziti şəbəkəsinə üstünlük verməyə vadar etdi. Hazırki təxminlərə görə, bu qış ərəfəsində Aİ-nin qaz saxlamağa yeri yoxdur. Yəni Avropanın yeraltı anbarları doludur, ehtiyatların bir hissəsi isə müharibəyə baxmayaraq, Ukrayna anbarlarına vurulub və indi treyderlər maye qazı saxlamaq üçün artıq gəmilərdən istifadə edirlər.
Avropa sahillərində onlarla qaz daşıyıcısı dayanıb, alıcılarını gözləyir, lakin bu, alıcılar üçün qazın qiymətini azaltmır.
İsraillə HƏMAS arasında müharibə və Baltikyanı kəmərlərin zədələnməsi bazara necə təsir edəcək və qiymət hansı istiqamətdə dəyişə bilər? Ümumiyyətlə, bu baş verənlərdə Qəzzanın, HƏMAS-ın, İsrailin yeri hardadır?
Avropa Rusiya-Ukrayna müharibəsi ilə Kremlin açdığı qaz müharibəsi fonunda artıq üçüncü “soyuqdan qızınma” mövsümünə qədəm qoyur. Bu dəfə Avropa Birliyi qışa bacardığı qədər hazırlaşıb və bir ay əvvəl avropalılar yaza qədər soyuqdan donmayacaqlarına əmin idilər. Lakin bu ay Avropanı yenidən enerji böhranı astanasına gətirən iki hadisə baş verdi.
Birincisi, Yaxın Şərqdə yeni müharibə başladı. HƏMAS İsrailə hücum etdi və planetin əsas neft-qaz hasil edən regionunda münaqişə beynəlxalq olmasa da, regional miqyasda genişlənmə təhlükəsi yaradır. Söhbət ərəb coğrafiyasından gedir. Burada diqqətçəkən məqam odur ki, rus qazından asılılığını Azərbaycan vasitəsilə azaldan Avropa İsrailin Aralıq dənizindəki qaz yataqlarında hasilata start verəcəyi günün gəlməsini gözləyirdi. Elə İsrail də buna çalışırdı və haqqında söhbət gedən perspektivli qaz yataqları Qəzzaya yaxın idi. Ola bilsin ki, Rusiyaya da qaz bazarında özünə alternativ ola biləcək yeni rəqiblərin ortaya çıxması və “meydan sulaması” lazım deyildi. Bəlkə də Moskvanın Fələstini dəstəkləməsinin təfərrüatlarının nüanslarından biri də bu qaz rəqabətidir.
İkincisi, Baltik dənizinin dibində bir il əvvəl “Şimal axını”nda qəribə qəza baş verdi, hansı ki, Avropa bu kəmərlə enerji təchizatının tam təmin olunduğu xəyalını qurmuşdu və təxminən yarım milyard əhalisi olan 27 AB ölkəsi bu qaz kəmərindən asılı idi. Rusiya lideri Vladimir Putin 2021-ci ilin yayında Avropaya qazın kəsilməsini başlatmışdı və 2022-ci ilin fevralında Ukraynanın işğalından sonra qaz tədarükü sürətlə azaldı.
Rusiya qazına sanksiya tətbiq etməyən Avropa gərginləşsə də, “Qazprom”dan asılılığının öhdəsindən gəldi. Əgər müharibədən əvvəl Rusiya qazı Avropanın tələbatının 40%-dən çoxunu ödəyirdisə, indi bu miqdar 10%-dən də azdır. Avropa bu çətinliyin öhdəsindən gəlməkdən ötrü, Rusiyadan gələn qazı baha qiymətə maye qazla əvəz etmək, əhaliyə və sənayeyə subsidiya verməyə məcbur oldu.
İndi isə avropalılar yeni qışa xüsusilə hazırlaşdılar: qaz anbarlarını 99%-ə qədər doldurdular, mayeləşdirilmiş qazın qəbulu üçün terminalları işə saldılar və gələcək illərdə qaz tədarükü üçün meqamüqavilələr bağladılar.
Hər şey yaxşı gedirdi, qiymətlər keçən ilki zirvələrdən iki-üç dəfə aşağı düşmüşdü və hətta Fransanın atom elektrik stansiyaları da yarımçıq təmirdən sonra normal fəaliyyətə qayıtdı.
Bununla belə, hətta bu ehtiyatlı hazırlıq da yaxın illərdə Avropanı Kreml və ya ərəb ölkələrinin enerji şantajına məruz qoyacaq struktur problemlərini aradan qaldıra bilməyib. Bəs niyə Avropanın “isti qış”a zəmanəti yoxdur və rahat qış keçirməkdən ötrü “iynə üstündə" oturmalı olur?
Birincisi, Aİ Rusiyanın qaz asılılığından tam qurtulmayıb. “Qazprom” və “Novatek” Avropa istehlakçılarına iri həcmdə həm boru kəməri ilə, həm də maye qaz tədarükünü davam etdirir. Bu tədarüklərin sabitliyi sual altındadır, çünki Putin “Qazprom”a və hətta Rusiya iqtisadiyyatına zərər vursa belə, siyasi və hərbi məqsədlərinə çatmaq üçün “qaz kranını bağlamaq” vədini tuta biləcəyini sübut edib. İkincisi, “Qazprom”la uzunmüddətli müqavilələr vasitəsilə iri boru kəməri ilə gələcək qaz tədarükündən imtina etməsi Aİ-ni maye qazın sərbəst bazarındakı qiymətlərindən asılı vəziyyətə saldı ki, bu da dolayı olaraq daxili siyasi-iqtisadi vəziyyətin gərginləşməsini qaçılmaz edir.
Heç bir şey bazarları tədarük zəncirlərinin kəsilməsi xəbərinin çalxaladığı və silkələdiyi kimi qiymətləri “oynatmır və kəllə-çarxa qaldırmır”. Heç bir şey müharibə kimi təchizat zəncirlərini qırmır, çünki müharibə qlobal enerji bazarının infrastrukturuna - boğazlar, boru kəmərləri, limanlar, qaz platformalarına təhlükə vəd edir. Xatırladaq ki, ötən ilin payızında Rusiyanın Avropaya gedən əsas sualtı qaz kəməri “Şimal axını” partladıldı, ardınca bu payızda Finlandiya ilə Estoniya arasında "Balticconnector" dənizaltı qaz kəmərində qəribə qəza baş verdi və qiymətlər kəskin artdı.
Avropada qazın hazırkı qiymətində artıq geosiyasi risklər mövcuddur və istənilən eskalasiya bu qış elektrik və istilik xərclərini artıracaq. Bu artıq baş verir. Bu il tələbin keçən illə müqayisədə 10%-dən çox, müharibədən əvvəlki 5 illik orta qiymətlə müqayisədə isə 17%-dən çox azalmasına baxmayaraq, Avropada qaz qiymətləri indi müharibədən əvvəlki 2017-2021-ci ildəkindən iki-üç dəfə bahadır.
Cəmi bir il əvvəl qiymətlər əvvəlkindən üç yox, on dəfə yüksək idi, lakin onların qiymətinin aşağı düşməsi tələbin bərpasına səbəb olmadı, çünki Avropa iqtisadi böhran yaşayır, əhali pula qənaət edir, istehsal isə azalır. Elə ABŞ-ın da istədiyi bu idi.
Eyni zamanda, tədarüklə bağlı hər şey qaydasındadır - Aİ-nin qaz qoymağa yeri yoxdur. Avropanın yeraltı anbarları doludur, qazın bir hissəsi müharibəyə baxmayaraq Ukraynanın qaz anbarlarına vurulub və hazırda qaz tacirləri mayeləşdirilmiş qazı saxlamaq üçün gəmilərdən istifadə edirlər. Avropa sahillərində 20-yə qədər yükü qaz olan gəmilər alıcılarını gözləyir.
Lakin tələbin aşağı düşməsinə, artan təklifə baxmayaraq, qiymətlər yüksəlir. Ekspertlərin fikrincə, bu, müharibə və Avropada qaz kəmərlərində təxribat təhlükəsi ilə bağlıdır.
Aİ Rusiyadan boru kəməri ilə gələn qazı mayeləşdirilmiş qazla əvəz etdi və sıxılmış qazın təxminən yarısı dünyanın ən böyük neft və qaz istehsalçısı olan ABŞ-dan gəlir. Deməli, burada ABŞ qazanır. Belə təəssürat yaranır ki, Rusiya öz yerinə, Çin də öz yerinə İsrailin hamisi olan ABŞ-ın Tel-Əvivlə Qahirənin birgə əməkdaşlığının bəhrəsi olacaq İsrail qazının Avropaya ixrac marşrutuna çökməsinin qarşısını almaqdan ötrü “öz partiyalarını oynayırlar”. Həmçinin, ABŞ Avropaya satıla biləcək İsrail qazından özünə düşəcək “pay”ını təmin etmək üçün bölgədə keşik çəkir. Sözsüz ki, Moskva, Vaşqinton və Pekin arasında ABŞ-ın Suriyada çökdüyü enerji yataqlarının da davası gedir. Bu səbəbdən “iribuynuzlu güclər”in hərbi gəmiləri Aralıq dənizindədir. Bundan sonrakı etap ya maraqlı bölgələri sakit bölüşdürmək, ya da başqa yol tapmaq olacaq.
Burada maraqlı nüansı qeyd etmək yerinə düşər. Avropaya gedən qazın digər yarısı İsrail və HƏMAS arasındakı münaqişədə birbaşa və ya dolayı yolla “zorakı iştirakçı” olan barrikadanın əks tərəfindəki - Qətər, Əlcəzair və Misir tərəfindən təmin edilir.
Misir keçən il Aİ-yə maye qaz tədarük edib, lakin yayda Avropada qiymətlərin düşməsi və Afrikada havanın isti olması, qaza artan daxili tələbatı ödəməli olması səbəbindən fəaliyyətini dayandırmışdı. 7 oktyabrda HƏMAS İsrailə hücum etdiyi zaman Misir qaz ixracını təzəcə bərpa etmişdi.
Rusiya və Qətər inanılmaz dərəcədə gəlirli Avropa bazarına sıxılmış qaz - LNG satmağa davam edir. Lakin onların hər ikisi Avropanın terrorçu hesab etdiyi HƏMAS qruplaşması ilə "dostdur". Siyasi səbəblərlə tədarükün kəsilməsi ehtimalı bazarları çalxalayır və Avropada qazın qiymətini yüksək saxlayır. Üstəlik, aparıcı enerji ixracatçıları arasında olan digər ərəb ölkələri Qərbə soyuq münasibət bəsləyir, bəziləri isə İsrailə hazırda açıq soyuqluq nümayiş etdirir. Onlar neft və qaz embarqosunu bərpa edib Avropa və ABŞ-ı onilliklər ərzində böhrana sürükləyə bilərmi? Xüsusilə Çin-Körfəz ölkələri, ərəb-çin dostluğu yükələn trayektoriya ilə üzüyuxarı gedirsə?
Hər şey mümkündür, lakin bu, onların maraqlarına uyğun deyil, analitiklər qeyd edirlər ki, həm Qətər, həm də Səudiyyə Ərəbistanı “Yom Kippur” müharibəsi zamanında olduğundan daha çox indi qlobal iqtisadiyyata inteqrasiya olublar.
“Qətər, digər ölkələr kimi, Avropanın Rusiya qazından imtina etməsindən qazanc götürdü. O, bu bazarı qoruyub saxlamaqda çox maraqlıdır”, deyə “Bruegel” araşdırma mərkəzindən Aqata Loskot-Straçota deyir.
“Ola bilsin ki, Qətər qiymətləri qızışdırmaq üçün naməlum durumu qorumağa hazırdır. Ancaq mən əmin deyiləm ki, onlar tədarükləri bilərəkdən dayandırmağa qərar verəcəklər”, deyə ekspert bildirir.
Bu qeyri-müəyyənlik Aİ-nin digər qaz təchizatçılarının da “əlinə oynayıb”. Belə ki, Aİ Afrika və Norveçdən dənizaltı qaz kəmərləri vasitəsilə qaz alır. İstənilən qəza xəbəri qiymətin kəllə-çarxa qalxmasını və yeni enerji böhranını vəd edir. Əlbəttə, kimsə bu riskləri artırmaq, qiymətləri oynatmaq yaxud sadəcə olaraq Avropanı qaz kartı ilə "vurmaq" istəsə, qaz boru kəmərləri hədəf ola bilər. Bununla bağlı təşviş “Şimal axını” partlayışından və “Balticconnector”da baş verən son insidentdən sonra realdır. Yaxın Şərqdəki qeyri-sabitlik və böhran isə ancaq “oda yağ tökür”.
Yeri gəlmişkən, bir haşiyə çıxaraq 3 maraqlı nüansı qeyd edək. Birincisi, İsrailin Aralıq dənizindəki Levanta şelfindəki Tamar qaz yatağının başlanğıc ehtiyat miqdarı 300 milyard kubmetrdir. “Tamar” Aşkelon şəhərindən 24 km qərbdə, Qəzza zolağından şimalda yerləşir. Yatağı istismar edən “Chevron” şirkətinin saytının məlumatına görə, qaz hər biri təxminən 7,1-8,5 milyon kubmetr olan altı quyudan hasil edilir və gündə 7,1-8,5 milyon kub metr qaz verir. İsrail Qəzzanı Misirə gedən qaz kəmərinin üstündəki “potensial payçı” və maneə kimi görür. Eləcə də maraqlıdır ki, Qəzzaya girdiyi anons edilən İsrail tankları əraziyə şəhərin dəniz sahilindən daxil olublar. Bundan başqa, SOCAR İsraildə qaz kəşfiyyatı üçün üç il müddətinə lisenziya alıb. Belə ki, SOCAR Britaniyanın BP və İsrailin “NewMed” şirkətlərinin tərkibində İsrailin ən böyük karbohidrogen yatağı olan Leviafanın şimal hissəsində işlər aparacaq.
İkincisi, Britaniyanın keçmiş kəşfiyyat rəhbəri və BMT-dəki keçmiş səfiri Con Soyers İsrail ordusunun quru əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağının BMT kimi beynəlxalq təşkilatın nəzarətinə verilməsinə çağırıb, Bu barədə “Financial Times” yazır. Çağırışda qeyd olunur ki, belə nəzarətin təşkili üçün BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin, o cümlədən Rusiya Federasiyası və Çinin razılığı tələb olunacaq. Moskva və Pekinisə bu təşəbbüsü yalnız bir şərtlə dəstəkləyəcək ki, sektora nəzarət ərəb ölkələrinin himayəsi altında həyata keçirilsin. Xüsusilə də, Çin-Ərəb yaxınlaşması fonunda…
Soyers, Qəzza zolağının idarə edilməsinin quru əməliyyatı olacağı təqdirdə İsrailin əsas problemlərindən biri olacağını vurğulayaraq, əlavə etmişdi ki, “İsrail təhlükəsizlik liderləri HƏMAS-ı məhv etmək məqsədinin onlar üçün əlçatmaz olduğunu bilirlər”... Belə bir sual maraq doğurur ki, İsrail təhlükəsizlik qüvvələri rəsmiləri HƏMAS-ı məhv etməyin əlçatmaz olduğunu bilirdilərsə, onda sivil insanlar, körpələr niyə onların qaladığı odda yanmalı idi? İsrail və HƏMAS bunu bilmirdilərmi? Yəqin ki, bilirdilər və hazırda Qəzzada baş verənlərin HƏMAS-İsrail ssenarisi ilə səhnəyə qoyulmuş tamaşa olması fərziyyəsi bu üzdən meydan sulayır.
Daha bir nüans – Avropanın “Qlobal Gateway” adlı layihəsi var və bu Çinin “Bir Kəmər, Bir Yol” layihəsinə rəqib cavabı idi. Brüsseldə bu irimiqyaslı infrastruktur layihəsinə həsr olunmuş sammit keçirilməsi planda idi. Məlum olur ki, “Qlobal Gateway”ə daxil olan layihələr üçün biznes konsaltinqi ilə məşğul olan iki şirkət birbaşa Pekinlə bağlıdır.
Söhbət Çindən investisiya alan “Energias de Portugal SA” və “Eutelsat” şirkətlərindən gedir. Bundan əlavə, birinci şirkətin ən böyük səhmdarı “China Three Gorges”dir və mənbələrə görə, o, Çin hakimiyyətinin nəzarəti altındadır. İş burasındadır ki, bu yaxınlarda ABŞ-ın Çinə qarşı irəli sürdüyü Hindistan-Yaxın Şərq-Avropa (İMEC) iqtisadi dəhliz layihəsi ilə Avropanın irəli sürdüyü “Qlobal Gateway” lahihəsində Yaxın Şərq yer alır, hər iki layihə Çinə qarşıdır. Vurğulamaq yerinə düşər ki, qaz savaşları ilə yanaşı bu iki layihədə yer alan İsrail özünə təhdidlərin qarşısını almaqdan ötrü “məhz Qəzzada təmizlik aparır”. Bu nüans barədə Hindistanın KİV-ləri kifayət qədər yazıb. Qaz savaşları rəqabətin görünən hissəsidir. Savaşın görünməyən hissəsi isə tranzit marşrutları uğrunda gedən qanlı mübarizədir. Sual oluna bilər ki, tranzit marşrutları uğrunda mübarizə niyə bu qədə önəmlidir? Bu tranzit marşrutları dünya iqtisadiyyatının şah damarları kimidir. Onlar üzərindən həm leqal, həm də qeyri-leqal mal-məhsul tədarükü geçəcək. Bu, tranzit marşrutları üzərində qərar tutmuş ölkələrin iqtisadi rifahı və siyasi gələcəyinin zəmanəti deməkdir. Bu səbəbdən tranzit logistika marşrutları uğrunda mübarizə bu qədər amansız və qanlı gedir. Hansı ki, məhz bu səbəbdən dünya güclərinin hərbi gəmiləri və donanmaları Aralıq dənizində toplanıb…
Ülviyyə ŞÜKÜROVA