“O ocağı tapmadığımız təqdirdə xəstə heç vaxt narkotikdən uzaqlaşmaz”
“Asılılıq xroniki beyin xəstəliyi olduğuna görə heç vaxt sağalmır”
Azərbaycanda narkomaniyanın getdikcə artan miqyasını cilovlamaq üçün özəl reabilitasiya mərkəzləri də mübarizəyə qoşulub. Amma onların fəaliyyəti bəzən cəmiyyətdə birmənalı qarşılanmır. Belə ki, bəzi mərkəzlər bu məsələyə daha çox biznes maraqları çərçivəsində yanaşdığından, narkomanların müalicəsi arxa plana keçir. Bu baxımdan, bəzi ekspertlər təklif edir ki, özəl reabilitasiya mərkəzlərinin fəlaliyyətinə dövlət nəzarət etməlidir. Bəs, bu nə dərəcədə doğru qərar olar? Digər tərəfdən, reabilitasiya mərkəzləri üzərində nəzarət necə tənzimlənməlidir? Elə bu məsələni müzakirə etmək üçün asılılıq üzrə mütəxəssis, psixoterapevt, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyevlə söhbətləşdik.
(Əvvəli bu linkdə: “Özəl reabilitasiya mərkəzlərinin iş fəaliyyəti dövlətimizin nəzarətində olmalıdır”)
- Sizi inandırım ki, hardasa 7-8 il bundan öncə psixoloqa, psixoterapevtə, həkimlərə müraciət edən vətəndaşlarımız çox idi. Artıq yavaş-yavaş maarifləndirici işlər öz sözünü deyirdi, valideyn düşünürdü ki, övladı xəstədir, müalicə almalıdır. Amma reabilitasiya mərkəzləri son 1 il 5 ayda əksər valideynlərə imkan vermirlər ki, mütəxəssisə müraciət etsinlər. Elə uyğun şəxsi harada tuturlar, reabilitasiyaya aparırlar.
- Demək istəyirsiniz ki, bu, həmin insanın probleminin üstünə bir az da problem gətirir?
-Bu insan ağrıdan əziyyət çəkirsə, reabilitasiya mərkəzində hansı addımı ata bilər? Respublika Narkoloji Mərkəzində ödənişsiz, anonimliyi və məxfiliyi qoruyaraq müalicələr həyata keçirilir. Xəstə detoks olunmalıdır, bədən təmizlənməlidir, psixoterapevtik işlər aparılmalıdır, ondan sonra gedib reabilitasiya keçməlidir. Bu, o dərəcədə asan proses deyil.
“…Bu iş mütləq dövlətimizin nəzarətində olmalıdır və daxili qayda-qanun təyin olunmalıdır. Mən bu işin içindəyəm və valideynin, pasinetlərin çəkdiyi əziyyəti real olaraq görürəm”
- Necə düşünürsünüz, bizim dövlətin narkodispanserlərində özəl reabilitasiya mərkəzlərində olduğu kimi şəraiti yaratmaq olarmı?
-Bir il bundan əvvələ kimi Respublika Narkoloji Mərkəzində təkcə stasionar xidmət var idi, onun da əsas məqsədi həkim nəzarətində detoksikasiyanı həll etmək idi. Yəni şəxs qismən də olsa ağrıdan uzaqlaşdırılır, narkotik maddələr bədəndən çıxırdı ki, o terapevtik ünsiyyətə girmə mərhələsinə gəlsin. Çünki dünyanın istənilən ölkəsində bu proses sağalma prosesi deyil, terapiyaya hazırlıq məsələsidir. İstənilən şəxsin də dişi ağrısa, sevdiyi insanla ünsiyyətə girə bilməz, ən sevdiyi filmə baxa bilməz, çünki bədəndə ağrı var. Biz bu ağrını çıxarırıq, sonra terapiyaya gətiririk. Və artıq bir ildir ki, Respublika Narkoloji Mərkəzində tam ödənişsiz ambulator reabilitasiya mərkəzi fəaliyyət göstərir. Amma adından göründüyü kimi, bu ambulator reabilitasiya mərkəzidir. Şəxs narkoloji mərkəzdən çıxdıqdan sonra biz onunla sözlü, yaxud yazılı müqaviləyə keçirik. Mərkəzimizdə 9 nəfər psixoloqumuzla həftədə bir dəfə, iki dəfə həmin şəxslərlə mütəmadi olaraq işləyirik. Amma sizin qeyd etdiyiniz mərkəz stasionar mərkəzdir. Düşünün, 150 reabilitasiya mərkəzinin hərəsində 50 nəfər olmaqla nə qədər pasient var. Günü gündən də bu təlabat artır. Ona görə də özəl olsa belə, bu iş mütləq dövlətimizin nəzarətində olmalıdır və daxili qayda-qanun təyin olunmalıdır. Mən bu işin içindəyəm və valideynin, pasinetlərin çəkdiyi əziyyəti real olaraq görürəm.
- Sizcə, hazırda özəl reabilitasiya mərkəzləri narkomaniya ilə mübarizəyə yetərli töhfə verə bilirlərmi?
-Biz bu mərkəzlərdən danışırıq, amma onların hamısını bu siyahıya aid etmək yanlış olar. Bəzi reabilitasiya mərkəzləri bacardıqları qədər faydalı olmağa çalışırlar. Yəni istər pasientə qarşı fiziki müdaxilə, istər psixoloji müdaxilə, istər mütəxəssislərin seçimi, istər cəmiyyət üçün faydalılıq prinsipi, istər ailə ilə işin təşkil olunması olsun, bunların öhdəsindən maksimum dərəcədə gəlməyə çalışırlar. Amma bəzi reabilitasiya mərkəzlərinin işindən sonra valideynlərin bizə müraciət etməsinə, pasientlərin bizə geri dönüşünə görə baxırıq ki, cəmiyyət üçün faydalılıqdan yox, sadəcə olaraq “günü xilas etmək” (yola vermək) və müəyyən marketinq psixologiyası fonunda maddi qazancdan söhbət gedir.
- Qeyd etdiniz ki, Respublika Narkoloji Mərkəzi ambulator müalicə şəraitinə keçib. Bəs, bu halda sağalıb narkotiklərə geri dönməyən pasientlərin sayı nə qədərdir?
- Narkoloji məsələdə asılılıq xroniki bir beyin xəstəliyidir. Əgər ətrafımızda şəkər xəstəliyindən əziyyət çəkən şəxs varsa, o ömrünün axırına qədər müalicə almaq məcburiyyətindədir. Tədqiqatlar da onu göstərir ki, xroniki xəstəliyi olan şəxs müalicə alırsa, nəzarətdə olursa, digər insanlardan daha uzunömürlü və daha sağlam yaşayır. Ona görə də, asılılıq xroniki bir beyin xəstəliyi olduğuna görə heç vaxt sağalmır. Asılılıqda biz sağalma sözündən istifadə etmirik. Asılılıqda saxlama sözündən istifadə edirik. Yəni remissiya. Şəxs ola bilər ki, 5 il, 10 il, 20 il, yaxud 50 il narkotik istifadə etməsin, sonra müəyyən bir tətikləyicinin təhriki ilə yenidən istifadə etsin. Bu cümləni niyə işlədirəm? Mənim fikrimcə, vətəndaş öz probleminin mahiyyətinə varmalıdır. Bəzi mütəxəssislər deyir ki, pasientə demək olmaz, “sən xroniki xəstəlikdən əziyyət çəkirsən”. Amma demədiyimiz halda, xəstə sağaldığını düşünür, artıq əvvəlki terapiyalardan, nəzarətdən uzaqlaşır, yenidən gedib narkotikin təsiri altına düşür. Çünki beyin yüksək səviyyədə dopamin ifrazı ilə tanışdır, o həzzi proqramlaşdırıb. Həmişə o həzzi axtarır. Ona görə, bizim təcrübəmizdə çox sayda pasientlərimiz var ki, 10 il, 15 il narkotik istifadə etməyib, əmək fəaliyyəti, təhsili qaydasındadır, ailəsi qaydasındadır, hətta əvvəlkindən də yüksək səviyyədə faydalı şəxsdirlər. Amma biz deyə bilmərik ki, o sağalıb.
- Lakin onların digər göstəriciləri tam bərpa olub?
- Bəli, gündəlik həyat tərzi olsun, psixoloji, psixoterapevtik durumu, ailəvi münasibətləri, əmək fəaliyyəti tam bərpa olub. Sadəcə olaraq biz deyə bilmərik ki, o, tam sağalıb. Çünki “sağalmışam” dediyi an müdafiə mexanizmi qırılır, şəxs yenidən əvvəlki həyatına meyllənməyə çalışır ki, “artıq mən sağalmışam, əvvəlki həyatıma qayıda bilərəm”.
“Asılılığı yaradan əsas məsələ uşaqlıq dövründə yaşadığımız psixoloji və fizioloji sarsıntılar, travmalardır”
- Deməli, sizin o xəstələrə öyrətməyə çalışdığınız odur ki, həmişə özlərini nəzarətdə saxlasınlar.
- Bəli. Ailəyə də, şəxsə də çatdırmaq istədiyimiz informasiya budur ki, son tədiqatlara görə asılılıqda proses necə getməlidirsə, biz də elə getməliyik. Mən hər zaman valideynlərə də, həmkarlarıma da, tələbələrimə də deyirəm ki, narkotikin dayandırılması üçün çalışmalı deyilik, biz narkotiki yaradan amilləri ortaya çıxarmalıyıq. O ocağı tapmadığımız təqdirdə şəxs heç vaxt narkotikdən uzaqlaşmaz.
- Sizsə, bu ocaq əsasən nədən ibarətdir? İnsanı asılı edən nədir?
- Ümumiyyətlə, asılılıq bəzilərimizə görə gücsüzlük, bəzilərmizə görə zəiflik, iradə zəifliyidir. Efirə çıxan bəzi “psixoloqlar”a görə xarakter dəyişikliyidir. Bəzilərimizə görə əxlaqi dəyişiklikdir. Bəzilərimizə görə cinayi davranışdır. Amma asılılıq beynimizin neyro-kimyəvi pozuntusu nəticəsində yaranan xroniki xəstəlikdir. Bəzi elm insanlarının fikrincə, bu beyin xəstəliyinin səbəbi genetik proqramlaşdırmadan gəlir. Bu gün biz bilirik ki, ata-ana, yaxud birinci dərəcəli qohumlardan xroniki xəstəlikdən əziyyət çəkəni varsa, o insanın xroniki xəstəliyə düçar olmaq şansı daha çoxdur, nəinki digər insanların. Biz buna “xroniki yatqınlıq” deyirik. Ona görə, bəzi elm adamları deyir ki, bu genetik faktorlara bağlıdır, bəziləri deyir sonradan qazanılmadır. 17 ildir bu sahədəyəm, mənim də oxuduqlarım, araşdırmalarım, gəldiyim nəticə bunu deməyə əsas verir ki, asılılığı yaradan əsas məsələ uşaqlıq dövründə yaşadığımız psixoloji və fizioloji sarsıntılar, travmalardır. Bu sarsıntılar bizim beynimizi funksional olaraq ləngidir, endorfin və başqa neyrohormonlar ifraz olunmadığı halda biz gələcəkdə onların ifraz olunması üçün beynin komfort zonasını tapmaq, endorfini ifraz etmək üçün xarici təsirlərə ehtiyac duyuruq.
“Biz ümumiyyətlə coğrafiya olaraq asılı şəxsiyyət tipləriyik. Çünki başqalarının tərifi, başqalarının düşüncəsi, fikri olmadan heç vaxt yaşaya bilmirik”
- Sizə elə gəlmirmi ki, bizim cəmiyyətdə asılı olanlar asılı olmayanlardan daha çoxdur. Belə anlaşılır ki, onda biz uşaqları düzgün tərbiyə edə bilmirik, bu səbəbdən də onlar travma alır və asılılığa meylli olurlar…
- Razıyam. Biz “asılılıq” deyəndə təkcə narkotikdən asılılığı nəzərdə tutmuruq, asılılığın növləri var: davranış asılılığı, internet, texnologiya asılılığı, kitab asılılığı, idman asılılığı və s. Xanımların daha çox əziyyət çəkdiyi alış-veriş asılılığı var. Bir də psixoaktiv maddə asılılığı, yəni narkotik maddə, alkoqolizm, toksikomaniya və s. asılılıqlar var. Bunlardan da fərqli asılılıq var ki, biz ona asılı şəxsiyyət tipi deyirik. Biz ümumiyyətlə coğrafiya olaraq asılı şəxsiyyət tipləriyik. Çünki başqalarının tərifi, başqalarının düşüncəsi, fikri olmadan heç vaxt yaşaya bilmirik. Bunun da birbaşa səbəbi, əlbəttə, uşaqlıqdan, tərbiyə sistemindən gəlir, idarəetmə tərzindən gəlir. Bir də şəxs ancaq və ancaq özünütəsdiqə can atır. Çünki uşaqlıq vaxtı təlabat və istəkləri ödənmədiyinə görə, o, müəyyən bir təlabat və istəyin ödənməsinə can atır.
- Sizcə, bunu dəyişmək olar?
- Düşünürəm ki, bəzi möhkəmlənmiş davranışları dəyişə bilmərik.
- Bəs yeni nəsildə necə?
- Çox gözəl bir məsələyə toxundunuz. Bu dəqiqə istər Daxili İşlər Nazirliyi, istər Səhiyyə Nazirliyi, istərsə də Elm və Təhsil Nazirliyi çox alqışa layiq işlər görürlər. Təhsil müəssisələrində maarifləndirici işlər aparılır, bu əladır, alqışlanmalıdır. Amma burada bir nüans var ki, əlbəttə, müalicə etmək bizim borcumuzdur. İkinci bir vəzifəmiz o olmalıdır ki, asılı şəxslər niyə yetişir - onun qarşısını alaq. Bu məqamda onların uşaqlıq dönəminə, ailə mühitinə, ailələrin maarifləndirilməsinə getməliyik.
“Son zamanlar narkotik maddələrin yayılmasına ən çox səbəb bəzi işini bilməyən jurnalistlərin və bəzi mütəxəssislərimizin maarifləndirməni düzgün aparmaması oldu”
- Görünür, maariflənmə ailələrdən başlamalıdır...
- Siz də KİV nümayəndəsiniz... Mən bunu Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin tələbələrinə də deyirəm ki, narkotik maddələrin yayılmasına son zamanlar ən çox səbəb bəzi işini bilməyən jurnalistlərin və bəzi mütəxəssislərimizin maarifləndirməni düzgün aparmaması oldu. Yəni “patı”, “şüşə”, “kokos” kimi narkotik maddələrin adını sadalamaqla hamı bildi ki, bu maddələr nədir. Əslində bunu efirə, KİV-lərə yox, ayrıca valideynlər qrupunda, müəyyən toplumlarda demək olar ki, valideyn sabahı gün övladının narkotik maddə ilə bağlı mesajını oxuyanda bunun nə olduğunu bilsin. Amma bunu bütün dünyanın bilməsinə ehtiyac yox idi. Narkotik maddəni yaymaq istəyiriksə, mütləq onun küçə adını cəmiyyətə yaymalıyıq.
- Deməli, burada da bəzi düzəlişlərə ehtiyac var.
- Mütləq, akademik adlardan istifadə etməliyik. Efir elə məkandır ki, birbaşa cəmiyyətə xitab edir. Bir məsələ də var ki, ötən həftə bir verilişin efirində blogger maddə asılılığı haqda fikrini bildirir və iş orasındadır ki, yenicə narkotik maddədən uzaqlaşmış bir insan ekspert qismində bu maddə haqda fikir bildirir, orada maddənin küçə adını çəkir. Orada bir şəxsin hərəkətlərini göstərirlər, ekspert qismindəki şəxs də bildirir ki, yəqin filan maddəni qəbul edib, ona görə belə edir. Buna nə ehtiyac var, biz hansı maarifləndirmədən danışırıq? Vətənimizə, millətimizə faydadan danışırıq. Heç olmasa reytinq xətrinə bu məsələləri qabartmasalar yaxşı olar.
- Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə narkomanların sağalma faizi minimum hansı həddə olanda müsbət dəyərləndirilir?
- Düzü, bu suala tam dəqiq cavab verə bilməyəcəyəm. Bu barədə tam dəqiq statistika yoxdur. Çünki bu elə dəyişkən məsələdir ki, burada sağalma məsələsi ikinci planda olduğuna görə, remissiya ön plandadır. Məsələn, biz etnopsixologiyaya baxsaq orada bir cümlə var: Şizofreniya dünyanın istənilən yerində şizofreniyadır. Qulağa səs gəlir, gözə nəsə görünür. İnkişaf etmiş ölkələrdə bu daha tez bir şəkildə aradan qalxsa da, inkişaf etməmiş ölkələrdə daha gec aradan qalxır. Ona görə də, biz burada məsələnin coğrafi nüansına, insanların yanaşmasına da baxmalıyıq. Dövlət olaraq əlimizdən gələni edirik, iş ondadır ki, insanların maariflənməyə ehtiyacı var. İnsanlar qarşısındakı narkotik maddə istifadəçisini nə qədər günahlandıracaqsa, mühakimə edəcəksə, müqayisə edəcəksə, özündən uzaqlaşdıracaqsa, blok qoyacaq, stiqmalaşdıracaqsa o zaman biz heç vaxt maddə isitfadəçisinin effektiv müalicəsindən danışa bilmərik. Bu məsələ ilə bağlı ümumi düşüncə dəyişməlidir ki, onları qəbullanaq və dəstək olaq. Bunun başqa yolu yoxdur.
Söhbətləşdi: Asya ŞÜKÜROVA
Stopnarkotik.az