Ramin Allahverdiyev: “Narkotik maddə asılılarında bir sıra psixiatrik və nevroloji pozuntular da meydana çıxır”
Azərbaycanda narkomaniyanın getdikcə artan miqyasını cilovlamaq üçün özəl reabilitasiya mərkəzləri də mübarizəyə qoşulub. Amma onların fəaliyyəti bəzən cəmiyyətdə birmənalı qarşılanmır. Belə ki, bəzi mərkəzlər bu məsələyə daha çox biznes maraqları çərçivəsində yanaşdığından, narkomanların müalicəsi arxa plana keçir. Bu baxımdan, bəzi ekspertlər təklif edir ki, özəl reabilitasiya mərkəzlərinin fəlaliyyətinə dövlət nəzarət etməlidir. Bəs, bu nə dərəcədə doğru qərar olar? Digər tərəfdən, reabilitasiya mərkəzləri üzərində nəzarət necə tənzimlənməlidir? Elə bu məsələni müzakirə etmək üçün asılılıq üzrə mütəxəssis, psixoterapevt, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyevlə söhbətləşdik.
- Ramin müəllim, ölkəmizdə 140-a yaxın özəl reabilitasiya mərkəzləri var. Sizcə, onlar fəaliyyət göstərmək üçün dövlətdən lisenziya, yaxud icazə almalıdırlarmı?
- Ümumiyyətlə, hal-hazırda asılılıq problemində əsas diqqət mərkəzində olan məsələlərdən biri də budur. Çünki, sizin də qeyd etdiyiniz kimi, yüzdən çox reabilitasiya mərkəzi var. Bu reabilitasiya mərkəzlərinin iş fəaliyyəti mütləq şəkildə dövlətimizin nəzarətində olmalıdır. Təcrübədə də var ki, çox zaman pasientə qarşı şiddət göstərilir, hətta ölüm hadisəsi baş verib. Orada gedən prosedurlar, terapiyaların effektivliyi, ailə işinin effektivliyi, maddi məsələlərin təmini və s. mütləq şəkildə qanunauyğun şəkildə tənzimlənməlidir. Bu dəqiqə bizim öz mütəxəssislərimiz arasında ən çox diskussiya apardığımız mövzulardan biri budur.
- Elə növbəti sualım da bununla bağlı olacaq. Özəl reabilitasiya mərkəzinin işinə nəzarət necə həyata keçirilməlidir? Yəni söhbət, sizin də qeyd etdiyiniz zorakılıq və işgəncə hallarından gedir…
- İlk öncə, əgər burada qanun pozuntusu mövcuddursa, məsələ dövlət hüquq mühafizə orqanlarının nəzarətində olmalıdır. Bu, işin hüquqi tərəfidir. Əlbəttə, müəyyən lisenziya tələb olunmalı, qayda-qanunlar tərtib edilməlidir.
İşin sağlamlıq tərəfinə gəlincə, biz bilirik ki, asılılıq problemi kompleks işi xoşlayır. Orada narkoloq, psixiatr, psixoloq, nevroloq və s. fəaliyyət göstərir. Hər bir reabilitasiya mərkəzi bu mütəxəssisləri mütləq şəkildə təmin etməlidir. Hal-hazırda hərəsi 2-3 nəfər 6 ay ayıq olan, narkotik maddə istifadə etməyən insanları gətirib təlimçi kimi reabilitasiya mərkəzlərinə işə götürürlər… Amma təcrübə də onu göstərir ki, 6 ay-1 il bu mərkəzlərdə müalicədə qalan vətəndaşımızın ailəsi oraya külli miqdarda maddi vəsait ödəyib, lakin mərkəzdən çıxandan sonra sağalmış şəxs yenə gedib narkotik maddə istifadə edib. Yəni burada işin effektivliyi sual altındadır.
- Bəs, sual altında düşən nüansı çözmək üçün nə etmək lazımdır?
- Müəyyən bir əsasnamə tərtib olunmalıdır. Əsasnamədə göstərilməlidir ki, bu reabilitasiyada çalışan şəxslərin gündəlik, yaxud aylıq, illik iş planları nədən ibarət olacaq və görülən işlərin qanuni baxımdan həyata keçirilməsi nə dərəcədə təmin olunur. Yəni bir villanı icarəyə götürüb, 25-30 nəfəri oraya toplayıb, “mən reabilitasiya aparıram” demək işin asan tərəfidir. Bu işə bir valideyn prizmasından, pasientin sağlamlığı prizmasından yanaşsaq ciddi problemlər ortaya çıxar. Bundan ötrü də dövlətimizin yəqin ki, mütləq bir addımı olacaq. İstər Səhiyyə Nazirliyi, istər hüquq-mühafizə orqanlarımız bu məsələni mütləq şəkildə diqqət mərkəzində saxlayacaqlar. Çünki hal-hazırda bu sahədə çox bərbad bir vəziyyət var. Əlbəttə, hazırda reabilitasiya mərkəzlərinin əksəriyyətində psixoloqlar fəaliyyət göstərir. Amma etiraf edək ki, reabilitasiya mərkəzlərinin əksəriyyətində psixoloqlar “bizdə psixoloq fəaliyyət göstərir” görüntüsü yaratmaq üçün var. Yəni valideyn oraya gələndə desinlər ki, bizdə psixoloq da var, psixoterapevt də var. Halbuki siz reabilitasiya mərkəzləri arasında, “sizin psixoloq kimdir, psixoterapevt kimdir” sualı ətrafında ümumi sorğu aparsanız, deyəcəklər ki, biz özümüz psixoloquq. Özlərinə psixoloq adları qoyurlar, amma biz bilirik ki, psixoloq, psixoterapevt, psixiatr müəyyən qanunvericiliyə uyğun olaraq 4 il bakalavr təhsili almış, bəziləri 2 il də magistr kimi ixtisaslaşmış, doktorant adı almış kadrlardır. Əlbəttə, mən burada günahlandırmaq baxımından demirəm, amma ali təhsili olmayan bir narkotik istifadəçisi 5 il bundan uzaqlaşırsa, “12 addım” proqramı öyrənməklə özünü psixoloq zənn edirsə, bu ciddi şəkildə problemlər yaradır.
- Sizcə, psixoloq kimi fəaliyyət göstərən narkotiki tərgitmiş ayıq adamlara təlim keçərək, bu məsələlərdə yararlanmaq, yoxsa onları tamamən kənara qoymaq lazımdır?
- Ümumiyyətlə, narkotik maddə asılılığında kompleks yanaşma mütləqdir. Multidisiplinar bir yanaşma mütləqdir. Burada həm ailə işi aparılmalıdır, həm də şəxsə psixiatrik baxış, nevroloq baxışı mütləqdir. Çünki bu insanlarda narkotik maddə asılılığında bir sıra yanaşı xəstəliklər ortaya çıxır. Məsələn, şizofreniya, bipolyar, borderlayn kimi və s. Eyni zamanda narkotik asılılığı nevroloji problemlər ortaya çıxarır. Maddə asılılığını yaradan uşaqlıq travmalarından tutmuş, mövcud vəziyyətə kimi, bu problemlərlə işləmək üçün pxisoloq lazımdır. Onunla paralel “12 addım” proqramının faydasını ikinci plana qoymuram. Dünya üzrə dəyərləndirmədə bu proqramın narkotikdən qurtulma üzrə 10-12 faiz rolu var. Amma təkcə “12 addım” proqramı ilə biz heç bir iş görə bilmərik. Çünki inkişaf etmiş ölkələrdə bu prosesə yanaşma tərzi artıq fərqlidir.
- Onlarda bu yanaşma tərzi necədir?
- Onlarda həm psixiatrik problemlər aradan qaldırılır, həm nevroloji, həm şəxsi maddə asılılığına aparan əsas amillər ortaya çıxarılır, onunla psixoterapiyalar həyata keçirilir. Bunlarla da paralel ən vacibi - ailə işi təşkil olunur. Çünki şəxs hər bir ehtimalda reabilitasiyadan çıxandan sonra ailəyə qayıdır. Ailədə günahlandırmalar, mühakimə etmələr, müqayisə etmələr, narkotiki yenidən istifadə etməni xatırladan amillər varsa, o şəxs yenidən tətikləyici səbəblərdə narkotik istifadəsinə qayıdacaq. Və biz bilirik ki, şəxs narkotik asılısıdırsa, ana da, ata da şəxsin asılısı olur. Düşünürlər ki, hara getdi, nə yedi, nə içdi, həbs olundumu, olunmadımı… Beyin ancaq və ancaq mənfi düşüncələr istehsal edir. Ona görə, biz bunu kompleks şəkildə aradan qaldırdığımız təqdirdə yüksək səviyyədə nəticə əldə etmək olur. Sadəcə olaraq müəyyən bir miqdar ödəmə qismində çox fantastik məbləğlər qoyublar - aylıq 1500 manat, 1000 manat, 2000 manat. Valideyn gedib 6 aylıq kreditə girir, reabilitasiya mərkəzinə 9-10 min manat verir, reabilitasiya mərkəzi 6 aydan sonra həmin şəxsi buraxır evinə və elə yolda şəxs satıcıya zəng edir ki, mənə bu qədər narkotik tap. Yəni valideynin əziyyəti, əməyi puç olur, şəxs yenə başlayır narkotik maddə istifadə etməyə. Burada hansı effektdən danışa bilərik?!
- Ramin müəllim, sizcə dövlət qiymət məsələsini hansısa şəkildə tənzimləməlidir?
- Açığı, mən işin psixoloji tərəfinə cavab verə bilərəm. Hüquqi və maddi tərəfi mən bilmirəm. Onu artıq dövlətimiz öz qayda-qanunları çərçivəsində həll edər. Amma, qeyd etdiyim kimi, çox fantastik məbləğlər qoyublar. Hətta 3 il bundan öncə qiymət 1500-1700-2000 manat aralığında dəyişirdi. Rəqabət ortaya çıxandan sonra yavaş-yavaş endirim etdilər. İndi eşitdiyimə görə, hətta bəzi reabilitasiya mərkəzləri xəstələri ayı 500-800 manata da qəbul edirlər. Çünki heç kim pasienti itirmək istəmir. Burada da o mərkəzlər arasında münaqişələr yaranır ki, mütləq o vətəndaş məndə olmalıdır, bu vətəndaş məndə olmalıdır. Amma dəyən zərər kimə dəyir?
- Zərər narkotikdən sağalmaq istəyənlərə dəyir, çünki müalicənin də effekti olmur…
- Sizi inandırım ki, hardasa 7-8 il bundan öncə psixoloqa, psixoterapevtə, həkimlərə müraciət edən vətəndaşlarımız çox idi. Artıq yavaş-yavaş maarifləndirici işlər öz sözünü deyirdi, valideyn düşünürdü ki, övladı xəstədir, müalicə almalıdır. Amma reabilitasiya mərkəzləri son 1 il 5 ayda əksər valideynlərə imkan vermirlər ki, mütəxəssisə müraciət etsinlər. Elə uyğun şəxsi harada tuturlar, reabilitasiyaya aparırlar.
- Demək istəyirsiniz ki, bu, həmin insanın probleminin üstünə bir az da problem gətirir?
(Ardı var)
Söhbətləşdi: Asya ŞÜKÜROVA
Stopnarkotik.az