Biləsuvar sakini qohumunu güllələyib öldürdü - TƏFƏRRÜAT / YENİLƏNİB

Biləsuvar rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Bu gün səhər saatlarında Çinarlı kəndində, əkin sahələrinə gedən yolun kənarında qeydə alınan hadisə torpaq mübahisəsi üstündə baş verib.

Belə ki, kənd sakini, 1975-ci il təvəllüdlü Həmidov Cavid İdris oğlu özü ilə hadisə yerinə gətirdiyi tüfənglə həmkəndlisi və yeznəsi, 1972-ci il təvəllüdlü Abdullayev Əsgər Musa oğlunun başına və bədəninə iki dəfə atəş açıb.

Nəticədə Ə.Abdullayev başın alın-təpə nahiyəsinin kəllə boşluğuna keçən baş-beyin toxumasını və qişalarını zədələyən odlu (qırma yaralanması), həmçinin döş qəfəsinin və qarının sağ yarısının ön divarını və sol saidin odlu (qırma yaralanması) xəsarətlərini alaraq ölüb.

Daha sonra C.Həmidov "102" Çağrı mərkəzinə zəng edərək Ə.Abdullayev adlı şəxsi tüfəngdən atəş açaraq öldürməsi barədə məlumat verib.

İlkin məlumata görə, C.Həmidov Ə.Abdullayevi torpaq sahəsinə görə qətlə yetirib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda cinayət işi başlanıb. İş üzrə Həmidov Cavid İdris oğlunun həmin cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o şübhəli şəxs qismində tutulub./report

***11:01

Biləsuvarda qohumu tərəfinfən güllələnən şəxs xəstəxanada ölüb.

Bu barədə DİN-dən məlumat verilib.

***10:48

Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb. Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Ə.Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Araşdırma aparılır.