"Bakıxanov" çörək zavodunda söyüş üstündə iş yoldaşı Etibar Salamzadənin qətlə yetirən Elşən Məmmədovun məhkəmə prosesi davam edib.
Stopnarkotik.az "unikal"a istinadən xəbr verir ki, Məmmədov Elşən Şahverən oğlunun cinayət işində zərərçəkmişin hüquqi varisi Tahir Salamzadənin qardaşı prosessual şəxs kimi tanınmaq üçün məhkəməyə elektron formada məktub ünvanlayıb. Hakim Cavid Hüseynov isə ümumiyyətlə onun məhkəməyə göndərdiyi məktubun qanunsuz olduğunu proses iştirakçılarının nəzərinə çatdırdı. Sonra hüquqi varis Tahir Salamzadə çıxış edərək təqsirləndirilən şəxsin çıxışı zamanı olan fikrə münasibət bildirdi və həmin fikirlərin yalan olduğunu qeyd etdi. Sonra oğlu barədə danışdı: "Mənim oğlum gecə növbəsinə işə getmişdi. Bir az keçmiş mənə zəng gəldi ki, oğlun bıçaqlanıb xəstəxanaya aparılıb. Gedib çatanda artıq oğlum keçinmişdi. Mən zavodun kamera görüntülərinə baxdım, orada oğlum yerə yıxılanda bıçağı ürəyindən vurub qaçır. 4 azyaşlı uşağı yetim qoydu. Özüdə içkili vəziyyətdə törədib cinayəti. Elşən deyib ki, mən heç atamı priznavat eləmirəm, qaldı Mirmövsüm ağanı. Mən sizdən Elşənə ən ağır cəzanın verilməsini xahiş edirəm. Elşənin adamları tərəfdən oğlumu basdırandan sonra mənə zəng olundu ki, gələk başsağlığı verək. Mən razı olmadım, amma həyat yoldaşı və 2-3 qadın gəldi. Mən dedilər ki, oğlun ölüb də, bu işi həll eləmək lazımdır. Mən isə dedim bir də zəng etsəz, prokurorluğa şikayət edəcəm".
Məhkəmənin sonrakı gedişində şahid Əliyar Həsənov ifadə verdi: "Mən çörək zavodunda gözətçi işləyirəm. Gecə gəldi oturdu bir az söhbət elədi. Orada çilingər otağı var, onun açarını istədi Elşən, mən də verdim. Aradan bir az keçməmiş rəhmətlik Etibar Salamzadə böyrünü tutub üstümə gəldi ki, məni vurdular. Mən dərhal polisə və təcili yardıma zəng elədim. Ancaq gec olduğundan işçilərimizdən birinin maşını ilə göndərdim xəstəxanaya. Sonra Elşən yoldaşı ilə gəldi. Yoldaşına dedim ki, get xəstəxanaya. Elşən isə hadisəni belə izah etdi ki, dünyasını dəyişən Etibar Elşənə deyib ki, Mirmövsum ağa sənində, mənimdə atamdan yaxşı kişidir. Elə bu sözə görə vurub. Hadisə də istifadə edilən bıçaqda yerdə idi, sınmış vəziyyətdə. Polis gəldi, Elşəni və bıçağı onlara təhvil verdim".
Məhkəmə prosesi 20 sentyabr tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, bu il aprelin 20-də saat 8 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 34 yaşlı Etibar Salamzadənin almış olduğu kəsilmiş-deşilmiş xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon Prokurorluğundan verilən xəbərə görə, araşdırmalarla 39 yaşlı Elşən Məmmədovun rayonun Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Etibar Salamzadəyə bıçaqla xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Elşən Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.