Taksi fəaliyyətinə icazə üçün tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir. “Avtomobil nəqliyyatı haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi, eyni zamanda nəqliyyat vasitələri üçün buraxılış kartı almalıdırlar.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Nazirlər Kabinetinin 71 nömrəli Qərarına əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərin isə reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər: "Bundan başqaHüquqi şəxslər və ya fərdi sahibkarlar reysqabağı texniki müayinə ilə bağlı aidiyyəti üzrə qeydiyyatdan keçmiş texniki-təmir sahələri (nəqliyyat vasitələrinə texniki xidmət göstərən məntəqələr), sürcülərin tibbi müayinəsi üçün isə tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalaya bilərlər. Qeyd olunan şərait eyni zamanda daşıyıcı tərəfindən parklarda da yaradıla bilər".
"Hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi və buraxılış kartına müraciət etdikdə tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir. Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələr və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatlar, eyni zamanda xüsusi hazırlıq keçməsini təsdiq edən sənəd də təqdim etməlidir. Qeyd olunan sənədlər olmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilməyəcəklər", - deyə bildirilib.
Qeyd olunub ki, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək.
Qeyd olunan sahə üzrə elektron qaydada icazələrin verilməsi prosesinə isə taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edildikdən sonra başlanılacaq. Bununla da bu sahədə uçot və nəzarət mexanizminin tətbiqi mümkün olacaq.
***11:27
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən taksi şirkətlərinə sürücülərini narkoloji testə göndərilməsi haqda tapşırıq verməsi ilə bağlı xəbərlər yayılıb.
Buna səbəb kimi bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun psixoloji problemləri ola-ola taksi sürməsi göstərilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"AYNA taksi şirkətlərinə sürücülərini narkoloji testə göndərməyin təmin edilməsi ilə bağlı tapşırıq verməyib. Bu məsələlər bizimlə bağlı deyil".
***11:05
Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun psixoloji problemlərinin olması və taksi sürücüsü kimi fəaliyyət göstərməsi ilə bağlı məlumatlar yayılıb.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, həmin hadisədən sonra taksi sürücülərinin narkoloji testə göndərildiyi bildirilir.
Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən taksi şirkətlərinə sürücülərini narkoloji testə göndərməyin təmin edilməsi ilə bağlı tapşırıq verilib.
Qeyd edək ki, fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ə.Əhmədov aşağıdakı maşın ilə taksi sürücüsü kimi fəaliyyət göstərib.