Bakının Sabunçu rayonunda 2002-ci il təvəllüdlü Murad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Fuada xəsarət yetirib.
Hadisə bu ilin aprelin 3-də Sabunçu qəsəbəsi, Y.Saratov küçəsində nömrəsiz evdə baş verib. Murad qardaşı Fuad ilə axşam yeməyi yeyərkən, sonuncuya masada olan ketçupdan istifadə tərzinə görə irad bildirməsi nəticəsində aralarında mübahisə yaranıb. Bu mübahisə zamanı Murad bıçaqla Fuada xəsarət yetirib.
Hadisəni törədən Muradın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, aprelin 3-də, saat 19:00-da evə gələrkən nənəsi Fati və qardaşı Fuad evdə olublar, anası isə işdə olub: "Nənəm həmin vaxt evdə təmizlik işləri görürdü. Nənəm məndən qonaq otağında olan çarpayının həyətə çıxarılmasında kömək etməyimi xahiş etdi. Qardaşım Fuadın köməkliyi ilə köhnə çarpayını həyətə çıxardıq. Səbəb isə çarpayının əvəzinə yeni divan sifariş verilməsi olub. Daha sonra nənəm təmizlik işlərinə davam etdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, qardaşı ilə mətbəxdə yemək yeməyə başlayıblar: "Bu vaxt yanımızda kimsə olmayıb. Stolun üzərində kolbasa, ketçup, qazlı şirin içki olub. Yemək yeyərkən qardaşım masada olan ketçupun qabını ağzına tutaraq ketçupu ədəbsiz formada ağzı ilə birbaşa formada sovurmağa başladı. Ona iradımı bildirərək, həmin ketçupdan ondan başqa şəxslərin, eləcə də özümün istifadə etdiyimi bildirdim, ağzına vurmamasını xahiş etdim. Fuad cavabında yaxşı elədiyini dedi. Mən isə əlimin tərsi ilə onun ayağına iki dəfə yavaşca şillə zərbəsi vurdum, yenidən irad bildirdim. Qardaşım Fuad mənim başıma iki dəfə şillə zərbəsi vurdu. Qardaşımdan bir yaş böyük olduğuma görə onun bu hərəkətini qəbul edə bilmədim. Nəticədə əlimdə olan və kolbasa doğradığım mətbəxdə istifadə olunan bıçaqla bir dəfə onun qarın boşluğuna zərbə vurdum. Bu vaxt səsə digər otaqda olan və təmizlik işləri görən nənəm də gəldi. Fuad mətbəxi tərk edərək əli ilə qarnını tutaraq həyətə tərəf qaçdı. Həyətdə yerə uzanaraq qışqırdı. Mən dərhal təcili tibbi yardıma zəng etdim.
Bir müddət gözləsəm də, həkim gəlmədi. Piyada olaraq küçəyə çıxdım, şəhər şosesində dayanan "Opel" markalı avtomobilə yaxınlaşaraq kömək etməsini xahiş etdim. Nənəm və Fuad həmin avtomobillə xəstəxanaya getdilər. Mən evə girdim, evdə yır-yığış işləri gördüm. Fuadı vurduğum bıçağı yuyaraq təmizlədim. Sonra digər otaqda bir az uzandım. Daha sonra hava almaq məqsədilə evdən çıxdım, küçədə gəzişdim. Təxminən bir saat sonra dayım Elman zəng edərək, məni xəstəxanaya çağırdı. Mən xəstəxanaya getdim. Orada olarkən polis əməkdaşları zəng etdi və məni 12-ci Polis Şöbəsinə dəvət etdilər. Fuadı bıçaqla vurmaqda məqsədim onu qorxutmaq, xəsarət yetirmək olub. Öldürmək niyyətim isə olmayıb.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Fuadın sözlərinə görə, aprelin 3-də, saat 19:00-da qardaşı Murad ilə yemək yeyərkən masada olan ketçup qabını ağzına birbaşa tutub və ketçupu ədəbsiz formada sovurduğu üçün qardaşı ona irad bildirib: "Muradın iradını qeyri-səmimi qəbul etdim. Muradın başına iki dəfə şillə zərbəsi vurdum. Qardaşım yaşca böyük olduğuna görə bunu qəbul edə bilmədi. Əlində olan və kolbasa doğradığı mətbəxdə istifadə olunan bıçaqla bir dəfə qarın boşluğuma zərbə vurdu. Bu vaxt səsə digər otaqda olan və təmizlik işləri görən nənəm gəldi. Nənəmlə birlikdə xəstəxanaya getdik. Qardaşıma qarşı şikayətim yoxdur".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Muradın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq olmaqla 3 il şərti cəza verilib.
Qeyd edək ki, Murad Vətən müharibəsinin iştirakçısıdır. O, "Vətən Müharibəsi" iştirakçısı və "Ağdamın Azad Olunmasına Görə" medalları ilə təltif edilib./demokrat.az