Bakıda qadınları görüntüləri ilə şantaj edən bloqerə HÖKM OXUNDU

Bakıda qadınlara hədə-qorxu gələrək pul tələb etmədə təqsirləndirilən bloqer Cəmil Quliyevə hökm oxunub.

Stopnarkotik.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə C.Quliyev Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsinin 3 bəndi üzrə təqsirli bilinib.

Qeyd olunub ki, Cəmil Quliyev sosial şəbəkə və digər vasitələrlə tanış olduğu, eyni zamanda pul qarşılığında onunla münasibətdə olan qadınları şantaj edib. O, həmin qadınlarla görüşərək münasibətdə olub, həmçinin digər yollarla əldə etdiyi görüntüləri paylaşmaq, onları rüsvay etmək adı ilə hədə-qorxu gələrək pul tələb edib. Bu yolla o, zərərçəkmiş şəxslərdən birindən 6 800, digərindən 2 400 manat alıb.

Zərərçəkmiş qadınlardan biri model kimi tanınan şəxs olub.

Məhkəmənin 14 oktyabr tarixli hökmü ilə Cəmil Quliyevə 6 il həbs cəzası verilib.

Qeyd edək ki, C.Quliyev "Instagram" və "TikTok" sosial şəbəkə səhifələrində "jam_guliyev" adlı şəxsi hesabla tanınıb.

O, qeyd edilən cinayətdən əvvəl narkotik vasitədən istifadəyə görə 2 aylıq həbs də olunub.