Bakıda qısqanclıq zəminində qadını qətlə yetirməkdə ittiham olunan Səbuhi Qürbətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror onun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edəknki, hadisə bu il aprelin 20-də baş verib. Bakının Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu Məmmədov küçəsi ərazisində tanışı Elnarə Cabbarovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Səbuhi Qürbətov saxlanılaraq polis müşayiəti altında xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb./apa