Bakıda pula görə qətl törədən şəxsə 12 il həbs cəzası verildi

Bakıda qətl törətməkdə təqsirləndirilən Elvin Əsədovun cinayət işi məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elvin Əsədovun təqsirləndirildiyi tamah məqsədi ilə qətl törətmək maddəsi qəsdən adam öldürmə maddəsinə tövsif edilib və o, 12 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Elvin Əsədovun 19 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə otən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Baş vermiş qətl hadisəsi ilə bağlı Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.

Rəsmi məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2 min 500 manat faiz pul borcunu ödəməkdən yayınmaq və qisas almaq məqsədilə Nəsimi rayonunun Cavadxan küçəsi ərazisində sonuncuya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elvin Əsədova Cinayət Məcəlləsinin tamah məqsədilə qəsdən adam öldürmə maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.