Bakıda müəllimin qətlində "yeni trend" izi - TƏFƏRRÜAT

Bakıda orta məktəb müəllimini yandıraraq qətlə yetirməkdə təqsirli bilinən Orxan Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Qeyd edək ki, ötən il mayın 27-də Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 61 yaşlı Xuraman Həsənovanın üzərində yanıq xəsarəti izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Ölkə.Az-ın xəbərinə görə, ittiham aktına əsasən Orxan Novruzov Xuraman Həsənovanı qətlə yetirəndən sonra evdən 8880 manat pulu oğurlayıb və törətdiyi cinayətin izini itirmək məqdəsi ilə evi yandırıb. 

Xuraman Həsənovanın oğlu məhkəmədə bildirib ki, Orxan Novruzov hadisədən bir müddət əvvəl maliyyə piramidası vasitəsi ilə pul qazanmaq adı ilə anasını aldadıb. Pullarını geri tələb edəndə o, qadını öldürüb. 

"Bizim torpaq sahəmiz var var idi. Anamı aldadım demişdi ki, sən gəl o pulu qoy həmən maliyyə piramidasına oradan qazandığın pulada uşaqlarına maşın ev alarsan. Anam torpağı satıb pulu qoymuşdu ora. Bir müddət sonra anam aldandığını bilib mənə zəng elədi. Məndə həmin vaxt Rusiyada idim". 

Təqsirləndirilən Orxan Novruzov ifadəsində bildirib ki, 2022-ci ilin may ayının 5-i ailə üzvünün müalicəsi məqsədi ilə getdiyi RF-dan qayıtdığını bildirib. Sözlərinə inansaq, həmin gündə Xuraman Həsənova onu evlərinə çağırıb. O, həmin ünvana gedib. Lakin qapını nə qədər döysə də, açan olmadığından oradan uzaqlaşıb. Hadisədən xəbəri yoxdur və heç kimi də qətlə yetirməyib. 

Daha sonra şahid ifadələri ilə proses davam etdirilib. Məhkəmə istintaqı yekunlaşandan sonra məhkəmə çixişları başlayıb. 

Prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Dövlət ittihamçısından sonra zərərçəkən çıxış edərək təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyib. 

Sonda məhkəmənin hökmü ilə təqsirləndirilən Orxan Novruzov 18 il azadlıqdan məhrum edilib.