Binəqədi rayonu, birinci mədən yaşayış massivi ərazisində bıçaqlanan və müğənni kimi fəaliyyət göstərən 1985-ci il təvəllüdlü Vüqar Namazov ifaçı Ülviyyə Namazovanın qardaşıdır.
Stopnarkotik.az xəbər verir ki, oxu.az hadisənin təfərrüatını öyrənmək üçün Ülviyyə Namazova ilə əlaqə saxlayıb.
O açıqlamasında bildirib ki, qardaşını maşına mindirib Binəqədidə göl kənarında bıçaqlayıblar:
"Hər gün bir yerdə oturub durduqları adamdır. Hadisə baş verəndə Azərbaycanda deyildim. Bu hadisə 3 gün əvvəl olub. Yeyib-içiblər. Oğlan məhəllədə reket kimi danışan biridir. Qardaşım maşında musiqiyə səs veribmiş, o da deyib mahnının səsini al. İçkili halda onlar arasında mübahisə yaranıb. Oğlan qardaşıma yumruq atıb. Qardaşım da deyib ki, "bura məhəllədir, qadınlar var, gəl gedək başqa yerdə danışaq görək mənə niyə əl qaldırırsan". Qonşu da deyib ki, mənim maşınımla gedək. Qardaşım da razı olub, deyib hara istəyirsən gedək. Qardaşımı 3 nəfər qonşu maşına mindiriblər. Binəqədidə göl kənarında sıx meşəlik var. Orada isə heç kim olmur. Aparıb orada bıçaqlayıblar. Xəstəxanaya da aparmayıblar. Gəlib deyib ki, vurdum öldürdüm. Məhəllədə qardaşımın dostu var o bunu eşidib, qonşular ilə oraya qaçıb. Bu şəxs qardaşımı vurduğu yeri də deməyib. Qardaşım deyir ki, "ayıldım ki, sıx meşəlikdəyəm, öləcəyəm, işıq gələn yerə çıxdım". O, qan itirə-itirə 600-700 metr meşənin çölünə doğru qaçıb. Qardaşım işıq gələn yerə çıxmasa, qonşu onu tapmasa, qan itirmədən öləcəkdi. Bundan sonra xəstəxanaya aparılıb. Ona 3 bıçaq zərbəsi endirilib. Biri mədəsinə tuş gəlib, mədəsi deşilib. Biri döş qəfəsinə dəyib, biri də onikibarmaq bağırsağına. Hazırda vəziyyəti yaxşıdır palatadadır".
***11:04
Vüqar Namazov bıçaqlanması ilə bağlı polis orqanında təhqiqat araşdırması başlanılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, oktyabrın 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonunun 1-ci Mədən yaşayış massivi ərazisində 2002-ci il təvəllüdlü E.Ağaquliyevin aralarında yaranmış mübahisə zəminində 1985-ci il təvəllüdlü V.Namazova xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
Hadisə ilə bağlı ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.
Tərəflərin izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Hazırda araşdırma davam etdirilir.
Məlumata görə, münaqişə V.Namazovun avtomobildə musiqiyə yüksək səslə qulaq asmasına görə başlayıb.
Belə ki, qonşusu gecə saatlarında müğənnidən musiqinin səsini azaltmasını tələb edib. Nəticədə tərəflər arasında dava düşüb və Vüqara bıçaqla xəsarət yetirilib.
Xəstəxanaya yerləşdirilən müğənni qonşusundan şikayətçi olmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
***10:59
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu 1-ci mədən yaşayış massivi ərazisində 1985-ci il təvəllüdlü Vüqar Namazov bıçaqlanıb.
Bıçaq xəsarəti alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat edilib. Onun həyatını xilas etmək mümkün olub.
Bildirilib ki, özü də müğənni kimi fəaliyyət göstərən Vüqar Namazov ifaçı Ülviyyə Namazovanın qardaşıdır. Onlar adətən duetlər ifa edirlər.
V.Namazovu bıçaqlamaqda şübhəli bilinən şəxs isə onun qonşusudur. İlkin məlumata əsasən, hadisə tərəflər arasında yaranmış münaqişə zəminində baş verib.
Məlumata görə, münaqişə V.Namazovun avtomobildə musiqiyə yüksək səslə qulaq asmasına görə başlayıb.
Belə ki, qonşusu gecə saatlarında müğənnidən musiqinin səsini azaltmasını tələb edib. Nəticədə tərəflər arasında dava düşüb və Vüqara bıçaqla xəsarət yetirilib.
Xəstəxanaya yerləşdirilən müğənni qonşusundan şikayətçi olmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.