Bakıda kişi televizor pultu üstündə arvadını döydü — TƏFƏRRÜAT

Bakının Xəzər rayonunda 1984-cü il təvəllüdlü Amid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Stopnarkotik.az demokrat.az -a istinadən xəbər verir ki, hadisə ötən ilin dekabrın 22-də Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Amid yaşadıqları evdə arvadı Vüsalə ilə aralarında yaranmış ailə-məişət mübahisəsi zamanı sonuncuya yumruqla sifət və baş nahiyəsindən, təpiklə isə sinə və kürək nahiyəsindən vurub. 
Hadisəni törədən Amidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2018-ci ildən Vüsalə ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayır, bir azyaşlı övladı var: “Dekabrın 22-də, saat 23 radələrində yaşadığımız Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən evimdə olan zaman televizorun pultu işləmədiyi üçün arvadım Vüsalə ilə münaqişəm yarandı. Münaqişə zəminində isə əlim ilə Vüsalənin göz nahiyəsinə qəsdən vuraraq xəsarət yetirdim. Lakin onun sinə və kürək nahiyəsinə xəsarət yetirməmişəm. Hadisə zamanı azyaşlı övladım evdə olsa da  başqa otaqda olduğu üçün hadisənin şahidi olmayıb”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Amidin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.