Bakıda işdən çıxarılan vəzifəli şəxsə elektron qolbaq taxıldı

Bakı şəhər Nərimanov rayon Məhkəməsində Bakı Şəhər Təhsil İdarəsinin təsərrüfat qrupunun sabiq rəisi Xaspolad Rzayevin məhkəməsi başa çatıb.

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə iş açılan keçmiş məmura hökm oxunub.

Məhkəmədə məlum olub ki, Xaspolad Rzayev Şirvan şəhərində sinif yoldaşı olan xanımın həyat yoldaşı ilə tanış olub. əvvəllər polis sistemində çalışmış həmin şəxslə dostluq münasibəti quran Xaspolad həmin şəxsi vergi sistemində yüksək vəzifəyə təyin edə biləcəyinə inandırıb.

O, həmin şəxsdən aldatma yolu ilə Nərimanov rayonundakı “McDonalds” restoranının qarşısında 9 min manat alıb. Xeyli müddət Xaspoladın vədini yerinə yetirmədiyini görən həmin şəxs pulunu da geri ala bilməyincə hüquq-mühafizə orqanlarına müraciət edib.

Bundan sonra Nərimanov rayon Polis İdarəsində Xaspolad Rzayev barəsində cinayət işi açılıb.

Nərimanov rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli hökmü ilə o, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. X.Rzayevin üzərinə elektron qolbaq yerləşdirilib. Onun yaşayış yerini axşam saat 23:45-dən səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Qeyd edək ki, daha əvvəl də X.Rzayev barəsində cinayət işi başlanmışdı. Lakin həmin vaxt cinayət işinin istintaqına sonradan xitam verilmişdi.

Xatırladaq ki, X.Rzayev bir neçə il əvvəl tutduğu vəzifədən azad edilib.