Bakıda dələduzluqda təqsirləndirilən "Hom Paş Prestij" MTK-nın sahibi, Türkiyə vətəndaşı Hikmət Yiğitdölün barəsindəki hökmdən yenidən apellyasiya şikayəti verilib.
Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 4-nə təyin edilib.
Qeyd edək ki, H.Yiğitdölün rəhbərlik etdiyi "Hom Paş Prestij" MTK 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb.
İttihama görə, MTK-nın sahibi, türkiyəli iş adamı H.Yiğitdöl Bakıda 72 vətəndaşın etibarından sui-istifadə edərək bir mənzili ayrı-ayrı şəxslərə təkrar sataraq onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Prosesdə ifadə verənə zərərçəkmiş Elçin Heydərov bildirib ki, 2007-ci ildə mənzil alsa da, sonradan mənzillərinin sənədlərini ala bilməyib və həmin mənzillərin başqa sahiblərinin olduğunu öyrənib.
Sonradan ona binadan 100 min manat dəyərində qeyri-yaşayış obyekti və iki mənzil verilib. Buna görə də şikayət və tələbinin olmadığını, barışdıqlarını deyib.
Digər zərərçəkmiş Vəli Əkbərli də ona məxsus qeyri-yaşayış obyektinin geri qaytarıldığını və şikayəti olmadığını qeyd edib.
Bildirək ki, Hikmət Yiğitdöl Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, bir neçə il müddətinə azadlıqdan məhrum edilib./pravda.az