Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin Xəzər Rayon Şöbəsinin əməkdaşı Rövşən Eynullayev həbs edilib.
Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, kiçik tibb işçisi vəzifəsində çalışan 1994-cü il təvəllüdlü Rövşən Eynullayevə Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Bildirilib ki, R.Eynullayev külli miqdarda narkotik vasitənin dövriyyəsinə görə tutulmuş şəxsin nənəsindən onu həbsdən buraxdıracağını vəd edərək 55 min manat pul alıb. O özünü nüfuzlu şəxslərlə yaxın münasibətdə olan biri kimi təqdim edib və pulun həmin vəzifəli adama çatacağını deyib. Lakin sonradan Rövşənin yalanının üstü açılıb.
Bundan başqa, R.Eynullayevin iş yoldaşı olan həkimdən ona MİDA-nın inşa etdiyi binadan güzəştli şərtlərlə mənzil almağa kömək edəcəyi vədi ilə 3700 manat alması da üzə çıxıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust tarixli hökmü ilə Rövşən Eynullayevə 6 il 6 ay həbs cəzası verilib. Ona qarşı qaldırılmış mülki iddia da təmin edilib. Təqsirləndirilən şəxsdən 55 min manat məbləğində pul tutularaq zərərçəkmiş şəxsə ödənilməsinə qərar verilib.