Bakı Apellyasiya Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Seymur Həsənovun (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun apelyasiya şikayəti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 3 ilə endirilib.
İttihama görə, hadisə 04 iyun 2022-ci il tarixdə saat 02 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Seymur Həsənov ona yaxınlaşaraq borc pul istəyən tanışı Anar Abbbasova üzərində pul olmadığını bildirib. Lakin buna baxmayaraq, o, zərərçəkmiş onu heç bir əsaslı səbəb olmadan davamlı olaraq nalayiq ifadələrlə təhqir edib. Bu zaman Seymur üzərində olan mətbəx bıçağı ilə Anarın qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq ona xəsarət yetirib. Məhkəmə iclasında Seymur Həsənov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, hadisə baş verən gün məhəllədə olub, Anar ona yaxınlaşıb pul istəyib. Anar bundan əvvəllər də ondan pul istəyib. O da pulu olan vaxt Anara verib, pulu olmayanda isə verməyibdi. Həmin gün də onun üzərində pul olmadığı üçün Anara pul verə bilməyib. Hadisə olan gün o, pul verməyən zaman Anar onu söyməyə başlayıb. O da bundan əsəbiləşib “besedka”da olan bıçağı götürüb Anarı vurub. Daha sonra Anar taksiyə minib “Semaşko” xəstəxanasına gedib. Sualları cavablandıran təqsirləndirilən şəxs deyib ki, Anar həyətdə özünü “avtoritet” kimi göstərirmiş və buna görə də ondan pul istəyib. O, əvvəllər də Anara istəyəndə 15-20 manat pul verib./pravda.az