Bakıda anasına 192 bıçaq zərbəsi vuran oğlan barədə ŞOK İDDİALAR

Xəbər verdiyimiz kimi, fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonunda anasını xüsusi amansızlıqla – 192 bıçaq zərbəsi ilə öldürən 16 yaşlı Z. M.-a hökm oxunub. Belə ki, Cinayət Məcəlləsi yentkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq həbs cəzasının verilməsini qadağan etdiyindən həmin yeniyetməyə elə həmin müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Hadisənin araşdırılması zamanı bəzi qaranlıq məqamlar üzə çıxıb. Belə ki, Z.M.-in və ondan böyük iki bacısının dini təriqətlərdən birinə qoşulması, qızların təhsillərini yarımçıq qoyaraq oxuduqları kolleci və universiteti tərk etməsi məlum olub.

Yeniyetmə oğlu tərəfindən qətlə yetirilən 46 yaşlı Solmaz Mansurovanın atası, yəni uşaqların babası ifadəsində şok ittihamlarla çıxış edib. O, bildirib ki, qızının digər nəvəsi olan Nigarla birgə iştirakı ilə ölürüldüyünü iddia edib:

“Qızım Gəncədə 39 nömrəli tam orta məktəbi bitirib və Gəncədə texnikumda orta-ixtisas təhsili alıb. Sonra Faiq adlı şəxslə ailə qurdu, onların birgə nikahdan 21 və 19 yaşlı qızları və 15 yaşlı təqsirlndirilən şəxs dünyaya gəlib. Solmaz Bakıda “8 KM” bazarında qadın paltarları satıcısı kimi işləyirdi. Təxminən bir il yarımdan artıq müddət olar ki, nəvələrim Nigar və Ziya hansısa dini cərəyana qoşulub, valideynlərdən xəbərsiz müxtəlif yığıncaqlarda iştirak edərək, dərslərdən yayınıblar. Solmaz xəbər tutmuşdu ki, qızı Nigar təhsil aldığı universitetdən çıxıb. Nigar bacısı Nərmini də oxuduğu liseydən çıxarıb və onu aldadaraq deyib ki, onların dini qrupunda yaxşı bir oğlan var, yığışdıqları kafedə onu hazırlaşdırar, universitetə daxil olar. Solmaz bundan xəbər tutandan sonra, uşaqların dini paltarlarını yandırıb, onlardan dini yığıncaqlara getməməyi tələb edib. Bundan sonra ailədə dava-dalaş düşüb. Həmin vaxt 15 yaşı olan Ziya anasına deyib ki, bu sənə baha başa gələcək. Ziyanın bu dərəcədə aqressiv olmasına, dərsdən yayınaraq dini yığıncaqlara getməsinə səbəb bacısı Nigar olub”.

Mərhum qadının atası əlavə edib ki, 25 oktyabr 2022-ci il tarixdə Solmazgilin evindən 18 min ABŞ dolları, 10 min manat və ailəyə məxsus 1 kq-a qədər qızıl-ziynət əşyaları oğurlanıb və eyni zamanda evdə yanğın baş verib:

“Təsadüfi deyil ki, rəfin ancaq oğurlanan pulun və qızılın saxlandığı hissəsi yanıb. Solmaz və kürəkənim Faiq telefonla danışıb bunu onlara xəbər verəndə bildirmişdirlər ki, bu Nigarla Ziyanın işidir. Lakin, onlar uşaqların adına söz çıxmasın deyə oğurluq barədə polisə xəbər verməmişdilər. Uşaqlar isə oğurladıqlarını kimlərə verdiklərini gizlədib heç nə deməmişdilər. Bundan başqa, mənim həyat yoldaşım Anaxanım Hüseynova 2 yanvar 2023-cü ildə Bakı şəhərinə qızım Solmazın evinə qonaq gəlmişdi. Anaxanım boynunda olan 60 qramlıq qızıl boyunbağını çıxarıb evə qoyub və həmin boyunbağı da yoxa çıxıb. Evdə hamı bilirdi ki, bu Ziya ilə kürəkənim Faiqin işidir. Lakin, onlar heç nəyi boynuna almamışdılar. Bundan başqa, 4 fevral 2023-cü il tarixdə Ziya anası Solmazı balkondan itələyərək yerə yıxmaq istəyib. Lakin Solmaz özünü yıxılmaqdan güclə saxladığı üçün Ziyanın istəyi baş tutmamışdı.

Solmaz Ziyadan nə üçün belə hərəkət etdiyini soruşduqda, Ziya demişdi ki, guya zərafat edir. Bütün bu olanları Solmaz telefonla danışıq zamanı bizə bildirmişdi. 10 fevral 2023-cü il tarixdə, saat 06 radələrində isə Ziya qızımı yaşadığı evdə çoxsaylı bıçaq zərbələri vuraraq qəsdən öldürüb. Hadisə baş verən vaxt uşaqların ataları Faiq evdə olmayıb, cinayəti gizlətmək üçün Nigar Faiqə zəng vuraraq Solmazın özü-özünə bıçaq zərbələri vuraraq intihar etdiyini deyib. Lakin, hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə gəldikdən sonra müəyyən edilib ki, bu intihar hadisəsi deyil, qətldir. Təqsirləndirilən şəxs bu əməli törətməkdə kömək etmiş nəvəm Nigarın da cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirəm".

Qeyd edək ki, daha əvvəl vəkil də cinayətdə çoxsaylı şübhəli və qaranlıq məqamların olduğunu deyib.

Vəkil iddia edib ki, hadisə tək adam tərəfindən törədilməyib, cinayətdə başqa şəxslərin də əli olub:

“Zərərçəkmiş şəxsə 192 bıçaq zərbəsi vurulub. Bu, tək adamın işi deyil. Bundan əlavə şübhə yaratmağa əsas verən bəzi nüanslar var. Məsələn, hadisə baş verən gecə təqsirləndirilən şəxslə birgə onun yetkinlik yaşına çatmış iki bacısı da evdə olub. Atası isə həmin gecə işdə olduğuna görə ona telefonla məlumat verilib. Amma maraqlıdır ki, bacılar sübutları yox etmək niyyəti ilə evin müxtəlif otaqlarına yayılmış qan ləkələrini siliblər, hadisənin intihar olduğu barədə yalan məlumat veriblər. Həmçinin hadisə vaxtı övladları analarına kömək etməyib, onu yaralı halda qoyub qaçıblar”.

Cinayətdə təqsirli bilinən Ziya Mansurov anasının ona dəmir şişlə xəsarətlər yetirdiyini desə də, onun bədənində hər hansı xəsarət izi tapılmayıb.

Qeyd edək ki, təqsirləndirilən yeniyetmə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunur. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya işin hallarından asılı olaraq, ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Lakin qanuna görə, yetkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası verilə bilməz./publika.az